Bir tərəfdə "referendum", bir tərəfdə kütləvi edam - İRAQDA 42 NƏFƏR ASILDI
İraqda kütləvi edam olub. APA TV-nin "Reuters"ə istinadən məlumatına görə, 42 nəfər dar ağacından asılıb.
Terrorçuluqda təqsirləndirilərək ölüm cəzasına məhkum edilən şəxsləri Əl-Nəsriyyə həbsxanasında edam ediblər. Onların yaxınları və qohumlarına prosesi izləməyə icazə verilib.
Hüquq müdafiəçiləri faktı etirazla qarşılayıb. Asılanların hamısı sünni müsəlmanlardır.
İraqda son kütləvi edam 3 ay əvvəl həyata keçirilmiş, həmin vaxt 14 nəfər terrorçuluqda ittiham edilərək asılmışdı.
Xatırladaq ki, ölkənin şimalında İŞİD-lə hökumət qüvvələri arasında döyüşlər davam edir. Bu azmış kimi, Şimali İraq Kürd Muxtariyyəti lideri Məsud Bərzaninin "müstəqillik referendumu" keçirməsi gərginliyi daha da artırıb.