Putindən Qərbə QAFQAZ XƏBƏRDARLIĞI

Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri başlayıb. O, ilk olaraq, Gümrü şəhərinə səfər edib. Vladimir Putin Gümrüdə Razdan İstilik Elektrik Stansiyasının beşinci blokunun istismara verilməsi mərasimində iştirak edib. Vladimir Putin Gümrüdə keçirilən Ermənistan-Rusiya regionlararası forumunda  bildirib ki, Rusiya Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək niyyətindədir. “Zaqafqaziyaya gəldikdə, biz buradan getməyə heç vaxt hazırlaşmamışıq. Əksinə, biz Zaqafqaziyada öz mövqelərimizi möhkəmləndirməyə hazırlaşırıq”, deyə o, söyləyib. APA TV-nin xəbərinə görə, Rusiya prezidenti bölgədə mövqelərini möhkəmləndirərkən sələflərdən qalan yaxşı nə varsa ona, eyni zamanda bütün bölgə ölkələri ilə, o cümlədən Ermənistanla mehriban münasibətlərə əsaslanacaqlarını vurğulayıb. Vladimir Putin əmin olduğun bildirib ki, Ermənistanın Gömrük İttifaqına qoşulması onun iqtisadi potensialını ciddi şəkildə möhkəmləndirəcək, bu ölkədə investisiya mühitini yaxşılaşdıracaq və birbaşa işgüzar əlaqələrin inkişafına şərait yaradacaq. Serj Sarkisyan isə Rusiyanın “Rosneft” şirkətinin Ermənistan bazarına daxil olacağını açıqlayıb.

 

Bu gün, həmçinin Ermənistan paytaxtında ölkənin Gömrük İttifaqına qoşulmasına etiraz əlaməti olaraq yürüş başlayıb. Yürüş keçirən kütlə ilə polis arasında toqquşma baş verib. Polis Əmiryan küçəsində yürüşçülərin qarşısını kəsib və onların Maştos prospektinə daxil olmasını əngəlləyib. Ermənistan polisinin rəis müavini Valeri Osipyan yürüşün qanunsuz olduğunu deyib və iştirakçılara dağılışmağı tövsiyə edib. Lakin aksiyaçılar onu fitə basıblar. Saxarov meydanı istiqamətində hərəkət etmək istəyən yürüşçülərə polis müdaxilə edib. Azı 5 nəfər döyülərək naməlum istiqamətə aparılıb. Onların arasında “Asparez” jurnalist klubunun rəhbəri Levon Barseqyan da var.Son məlumatlara əsasən, ümumilikdə saxlanılanların sayı 15-dən çoxdur. Aksiya iştirakçılarının “Serjik, get!”, “Putin, get!”, “AvroErmənistan”, “Müstəqil Ermənistan”, “Ermənilər, birləşin!”, “Biz ölkəmizin sahibiyik!” şüarlarını səsləndirdiyi qeyd edilir.

 

Müəllif | Apa.Tv
Apa.tv