Əli Həsənov: "Gənclərə dəstək verilməlidir"

"Azərbaycanda dövlət tərəfindən dəstəklənməsinə ehtiyac olan gənclərin sayı maliyyə dəstəyi alan gənclərin sayından qat-qat çoxdur".

 

APA TV-nin xəbərinə görə, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyir ki, gənclərin inkişafına ayrıca dəstək verilməli, onlar daha rəqabətli vəziyyətə gətirilməlidir: "Qərbin əsası olmadan təlqin etdiyi bu və ya digər dəyərlərdən, öz xalqına, dövlətinə qarşı bəzən gəncliyi, mətbuatı, ayrı-ayrı jurnalisti istifadə etmək istəyindən, cüzi qrant verməklə insanları öz dövlətinə qarşı istifadə etməsindən və sairdən xilas olmaq lazımdır. Əgər bir gənc bu gün gedib hansısa anti-Azərbaycan qüvvənin hansısa layihəsinə dəstək verib, oradan 2-3 min manat alıb hansısa ehtiyacını ödəyirsə, artıq bundan xilas olmaq vaxtıdır".

 

Əli Həsənov deyib ki, bir dövlət bugünkü nəsildən daha sağlam nəsil yetişdirirsə, sabah üçün arxayın ola bilər.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyəti və növbəti qrant müsabiqəsi ilə bağlı müzakirələrin aparılması məqsədilə gənclər təşkilatları rəhbərlərinin və fərdi şəxslərin iştirakı ilə toplantı keçirilib. Toplantıda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov bildirib ki, Fonda maliyyələşdirilmək üçün 973 layihə təqdim olunub, onlardan 630 layihə maliyyələşdirilib. Maliyyələşdirilən layihələr üçün 5 milyon 531 min manat vəsait ayrılıb. Bundan əlavə, növbəti mərhələdə Fonda maliyyələşdirilmək üçün 660 fərdi layihə təqdim olunub. Bu müsabiqənin nəticələri dekabrın 13-də müəyyənləşəcək.

 

Müəllif | Apa.Tv