Rusiya ERMƏNİSTANA UCUZ QİYMƏTƏ QAZ SATACAQ

Rusiya Ermənistana silahları Rusiyadaxili qiymətlərlə satacaq. APA TV xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin İrəvanda keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, Ermənistana bu güzəşt Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi edilir. Rusiya prezidenti qeyd edib ki, silah qiymətləri tək təhlükəsizlik məsələsi deyil, həm də iqtisadi məsələdir. Çünki, silahlanmaya dövlət büdcəsindən vəsait xərclənir.

 

Vladimir Putin Gümrüdəki 102-ci Rusiya hərbi bazasında da olub. Onun sözlərinə görə, Ermənistan ərazisində Rusiya hərbçilərinin olması Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir.

 

Rusiyanın Ermənistana güzəştləri ucuz qiymətə satılan silahla bitmir. Ermənistan qazı da ucuz qiymətə - 1000 kubmetrini cəmi 189 dollara alacaq. Vladimir Putinin sözlərinə görə, Rusiya Ermənistan üçün enerji ehtiyatlarının ixrac rüsumunu birtərəfli qaydada ləğv edib: “Bunun nəticəsində Rusiya büdcəsi əhəmiyyətli məbləğ itirəcək. Amma bu qərar Ermənistan iqtisadiyyatı üçün əlverişli olacaq”.

 

Vladimir Putin Dağlıq Qarabağ məsələsindən də danışıb. Onun sözlərinə görə, Moskva Ermənistan və Azərbaycan prezidentləri arasında birbaşa təmasların bərpasını alqışlayır: “Bildiyiniz kimi mən bir müddət öncə Bakıda səfərdə olmuşam. Biz Azərbaycan prezidenti ilə Qarabağ nizamlanması perspektivlərini ətraflı müzakirə etdik. Noyabrın 19-da Vyanada keçirilən görüşün pozitiv xarakterli olmasını qeyd etmək mənə olduqca xoşdur. Biz tərəflərin sağlam düşüncəsinə və münaqişəni həll etmək səylərinə ümid edirik. ATƏT-in Minsk qrupu çərçivəsində buna hərtərəfli dəstək verəcəyik”.

Müəllif | Apa.Tv
Apa.tv