Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək

ATƏT Xarici İşlər Nazirləri Şurasının Kiyevdə keçiriləcək iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır. APA TV-nin xəbərinə görə, bu barədə keçirdiyi mətbuat konfransında məlumat verən Ermənistan xarici işlər naziri Edvard Nalbandyan iki ölkə prezidentlərinin görüşü məsələsinə də toxunub. Onun sözlərinə görə, sözügedən görüş konstruktiv qiymətləndirilir. Nalbandyan qeyd edib ki, görüş zamanı prezidentlər xarici işlər nazirlərinə görüşmələri üçün ilk uyğun vaxtdan istifadə etmələrini və Dağlıq Qarabağ münaqişəsinin həllinin irəliləməsi üçün danışıqları davam etdirməsini tapşırıblar: "Vyanadakı görüş yeni imkanlar açacaq. İlk belə imkan ATƏT Xarici İşlər Nazirləri Şurasının Kiyevdə keçiriləcək iclası zamanı əldə ediləcək ki, bu çərçivədə də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır. Biz mümkün qədər danışıqları irəli aparmağa çalışacağıq. Lakin təbii ki, hər iki tərəfin münaqişənin həll edilməsi ilə bağlı istəyi olmalıdır. Həmçinin, tərəflərin münaqişənin həllinə real yanaşması da olmalıdır. Bu cür realist yanaşma həmsədrlərin prezident səviyyəsində qəbul edilmiş bəyanatlarda əksini tapan təklif və prinsipləri əsasında ola bilər".

 

O həmçinin qeyd edib ki, Ermənistan tərəfi bu bəyanatla möhkəmlənmiş təklif və prinsipləri dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllinə tərəfdardır. Erməni nazirin sözlərinə görə, Azərbaycan tərəfi də bu yanaşmanı dəstəkləyərsə, o zaman danışıqlar prosesini irəli aparmaq və münaqişənin həllinə yaxınlaşmaq mümkün olar. 

Müəllif | Apa.Tv
Apa.tv