Milli Məclisdə QİYMƏT ARTIMI MÜZAKİRƏ OLUNDU

Milli Məclisin iclasında Tarif Şurasının ötən gün qiymət artımı ilə bağlı verdiyi qərarlar əsas müzakirə mövzusu olub. APA TV-nin xəbərinə gprə, Millət vəkili İqbal Ağazadə Tarif Şurasının qərarından danışıb: "Daxili bazarın qorunmasına bunun necə təsiri olacaq? Xaricdən ərzaq gətirilməsə, ərzaq təhlükəsizliyi məsələsini necə qoruyacağıq?”

 

Millət vəkili Fazil Mustafa da qiymət artımına etiraz edib.

 

Siyavuş Novruzov isə çıxışına qiymət artımı ilə bağlı Fazil Mustafanın söylədiklərinə cavab verib: “Qiymət artımı haqda danışıldı. Sanki Azərbaycan hökuməti Fazil Mustafa qədər bu xalq haqda düşünmür, təhlil aparmır. Əlbəttə, analizlər, təhlillər aparılır. Nazir və müavinləri komitənin iclaslarında da bu haqda danışdı. Rabitə qiymətləri aşağı düşdü. Bundan qabaq prezidentin əmək haqqı və təqaüdlərin artırılması haqda sərəncamı çıxıb. Yəni bunlar tənzimlənir. Bu yaxınlarda kənd təsərrüfatı sahəsi vergidən azad edildi. Neft gəlirlərindən xeyirli istifadə edilir. Hesab edirəm ki, Fazil Mustafa da neftdən gələn gəlirlərdən yaxşı istifadə edir...”

 

Digər millət vəkili Qüdrət Həsənquliyev yanacaq artımı ilə bağlı Tarif Şurasının qiymət siyasətini tənqid edib. O, ictimai nəqliyyatda vəziyyəti düzəltmədən benzinin qiymətinin qaldırılmasını yanlış hesab edib: “Bahalı maşınlar ala bilərsə, benzin pulunu da ödəyə bilər. Düşünürəm ki, 95 markalı benzinin qiymətini qaldırılması doğrudur. Amma dizel yanacağının qiyməti aşağı salınmalıdır. Bu artım kənd təsərrüfatına zərbə vura bilər”.

 

İclasın davamında millət vəkilləri bir sıra qanun layihələrinə dəyişiklik ediblər.

 

Müəllif | Apa.Tv