ABŞ Türkiyə vətəndaşlarına viza vermək istəmir: "Yenidən nəzərdən keçirəcəyik..."
ABŞ-ın Ankaradakı səfirliyi, səfirlik və konsulluqlarda viza üçün müraciətlərin sayının minimuma endirilməsi məqsədi ilə Türkiyədəki bütün ABŞ diplomatik missiyalarında qeyri-miqrant viza xidmətlərini dayandırdığını açıqlayıb. APA TV "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə səfirlikdən açıqlama yayılıb.
"Son zaman yaşanan hadisələr ABŞ hökumətini Türkiyənin, ABŞ-ın diplomatik missiya və işçilərinin təhlükəsizliyi ilə bağlı öhdəliklərini yenidən nəzərdən keçirməyə məcbur etdi", - deyə ABŞ-ın Ankara səfirliyindən yayılan yazılı məlumatda bildirilir.
Açıqlamada viza ilə bağlı tətbiq edilən bu məhdudiyyətlərin bəhsedilən "yenidən nəzərdən keçirmə" prosesi müddətində qüvvədə olacağı da qeyd edilir.
Qeyd edək ki, ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuz FETÖ ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib. Viza probleminin buradan qaynaqlandığı istisna edilmir.