Spikerdən deputata XƏBƏRDARLIQ: "DANIŞIĞINIZA FİKİR VERİN!"

Avtomobillərin səs siqnallarına görə cərimələr 10 dəfəyədək artırılıb. APA TV-nin xəbərinə görə, Milli Məclisin iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsində edilən dəyişikliklərə əsasən, səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə 500 manatdan 800 manatadək cərimə tətbiq ediləcək.

 

İndiyədək bu cəzalar 80 manatdan 100 manata qədər olub.

 

Məcəlləyə bir sıra yeni əlavələr də edilib. Əlavələrə əsasən, mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə sürücülər 500 manat cərimələnəcək. Həmin xəta il ərzində təkrar törədildikdə 1000 manat cərimə tətbiq olunacaq. Məcəlləyə dəyişikliklə bağlı müzakirə zamanı mübahisə düşüb. 

 

Deputat Fazil Mustafa çıxışa yazılmaqla bağlı etiraz edib: “Mən nə vaxt çıxış üçün adımı yazdırıramsa, siyahıya adını yazdıran deputatların sayı çox olur. Amma mən adımı yazdırmayanda söz istəyən olmur".

 

Spiker Oqtay Əsədovun isə deputata növbəti cavabı sərt olub: “Fazil bəy, bura Milli Məclisdir. Zarafat yeri deyil. Həm də mənim sizinlə heç bir zarafatım yoxdur. Danışığınıza diqqət edin”.

 

İclasda “Təhsil haqqında” qanuna da dəyişiklik edilib. Dəyişikliyə görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların , habelə onların arasından olan şəxslərin dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. İclasın davamında “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” və “Akkreditasiya haqqında” qanun layihələri oxunuşdan keçib. 

 

Müəllif | Apa.Tv