Ukrayna NARINCI İNQİLABIN ASTANASINDA

Ukrayna Ali Radası hökumətə etimadsızlıq barədə qərar layihəsini qəbul etməyib. Səsvermə zamanı Nazirlər Kabinetinə etimadsızlıq göstərilməsi barədə qərar layihəsinin lehinə 186 deputat səs verib. Qərarın qəbulu üçün azı 226 səs tələb olunduğundan layihə keçməyib.

 

APA TV-nin xəbərinə görə, səsvermənin nəticələri açıqlandıqdan sonra müxalifətçi deputatlar kürsünü və Rəyasət Heyətini mühasirəyə alıblar. Parlamentin bu qərarından sonra ölkədə vəziyyətin daha da gərginləşməsi gözlənilir.

 

“Batkivşina” Partiyasının parlament fraksiyasının lideri Arseni Yasenyuk prezident Viktor Yanukoviçə xəbərdarlıq edib. Arsen Yasenyuk bildirib ki, Viktor Yanukoviç dinc aksiyaya və dinc nümayişçilərə yenidən güc tətbiq edərsə, bunun nəticələri onun üçün ağır olacaq: “Ötən bazar meydana 800 min adam çıxmışdısa, bu dəfə 8 milyon adam üsyan qaldıracaq”.

 

Arsen Yasenyuk hökumətin dərhal istefaya getməsini və daxili işlər naziri Vitali Zaxarçenkonun cinayət məsuliyyətinə cəlb olunmasını da tələb edib.

 

Ukraynanın digər müxalif partiyası olan UDAR-ın lideri Vitali Kliçko da Viktor Yanukoviçin istefasını və növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edib: “Meydanda insanlara qarşı törədilmiş cinayətə görə bir nəfər cavabdehdir, çünki meydanın dağıdılması barədə əmri yalnız o verə bilər. Bu, prezident Yanukoviçdir”.

 

Ukraynada 10 gündür davam nümayişlərdə baş verən zorakılıq halları beynəlxalq ictimaətin narazılığına səbəb olub. Birləşmiş Millətlər Təşkilatının sədri Pan Gi Mun bildirib ki, tərəflər səbrli olmalıdır. Amerika Birləşmiş Ştatlarından Ağ Evin sözçüsü Cey Karney isə Ukrayna xalqının Avropa demokratiyasına qoşulma arzularını dəstəklədiklərini bildirib. 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı