Ukraynada GƏRGİNLİK DAVAM EDİR

Ukraynanın paytaxtı Kiyevdə gərginlik davam edir. Aksiya iştirakçıları Müstəqillik meydanına gedən bütün yolları nəqliyyat vasitələri ilə bağlayıblar.  Etirazçılar aksiyanın dağıdılmasının qarşısını almaq məqsədi ilə barrikadaların ətrafına su töküb. Müxalifətçilər hesab edirlər ki, şaxtalı havada su donacaq və bu yolla polisin barrikadalara yaxınlaşmasının əngəlləmək mümkün olacaq.

 

APA TV-nin xəbərinə görə, mitinqin təşkilatçıları meydanda əlavə çadırlar quraşdırmağa başlayıb. Müstəqillik meydanına daim ərzaq məhsulları, isti paltarlar və odun gətirilir.

 

Ukrayna hakimiyyəti də boş oturmur. DİN-in Krımda yerləşən daxili qoşun hissələri paytaxt Kiyevə ezam olunub. Bunu daxili qoşunlar komandanlığının Krim idarəsinin rəhbəri Nikolay Balan bəyan edib. O, Kiyevə ezam olunmuş hərbçilərin sayını açıqlamayıb. Balan qeyd edib ki, qoşunlara kütləvi aksiyalar zamanı ictimai asayişin qorunması barədə əmr verilib. 

 

Daxili qoşunların baş idarəsində qeyd ediblər ki, “Milis haqqında”, xüsusi ilə, “Daxili qoşunlar haqqında” qanunların pozuntusuna yol verilməyib. “Daxili qoşunlar mitinqlərin dağıdılmasında iştirak etmir, onlar yalnız “canlı sədd”lərin qurulmasına cəlb olunur. Bizim bu günə olan vəzifəmiz - hakimiyyət orqanlarının fəaliyyətini bərpa etmək və ictimai asayişi qorumaqır”, deyə Ukrayna DİN daxili qoşunların hüquq idarəsinin rəisi Dmitri Şetinin bildirib.  

 

Bu arada ABŞ-ın dövlət katibi Con Kerri Ukrayna hakimiyyətinin öz xalqının səsini dinləməyə çağırıb: "Biz görürük ki, Ukrayna xalqı Avropa ilə münasibətləri dəstəkləyir. Ukrayna hakimiyyəti çiçəklənən ölkədə yaşamaq istəyən xalqının səsini eşitməlidir. Hər bir tərəf özünü dinc aparmalıdır. Bu gün Avropa blkəsində güclə nəyisə həll etmək olmaz".

 

Dövlət katibi bəyan edib ki, ABŞ Ukraynanın Avropaya inteqrasiya yoluna qayıtması üzərində işləməyə hazırdır.

Müəllif | Apa.Tv
Apa.tv