Balakənin sonuncu kəndinə də təbii qaz verilib

Balakən rayonunun sonuncu kəndinə mavi yanacaq verilib. APA TV-nin məlumatına görə, rayonun sonuncu Meşəşanbul kəndinə  dövlət vəsaiti hesabına çəkilmiş yeni qaz xəttinin  açılışı olub. Bu münasibətlə təşkil olunan açılış mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Natiq Ələsgərov, müvafiq idarə və müəssisə nümayəndələri və Meşəşanbul  kənd sakinləri iştirak edib. Tədbirdə vurğulanıb ki, 2013-cü ildə Balakən rayonunda ən çox iş görülən sahələrdən biri də rayonun qazlaşmasıdır. Bildirilib ki, 895 abonenti olan Meşəşanbul kəndinin qazlaşdırılması üçün birpilləli qaz təchizatı sistemi əsasında ümumi uzunluğu 57 min 091 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 895 ədəd sayğac və tənzimləyici quraşdırılıb. İl ərzində rayonda 5000-ə yaxın  evə qaz xətti çəkilməklə abonent sayı 19 min 482 nəfərə çatdırılıb və sayğaclaşma işləri həyata keçirilib. Rayon mərkəzi ilə birlikdə 54 yaşayış məntəqəsinə qaz xətti çəkilib. Hazırda rayon üzrə qazlaşma 100% təşkil edir.

 

Qaz xəttinin açılışı mərasimində çıxış edən Balakən RİH başçısı İslam Rzayev və “Azəriqaz”  İstehsalat  Birliyinin  nümayəndəsi Natiq Ələsgərov  mavi yanacağın verilməsi münasibətilə kənd sakinlərini təbrik ediblər.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov