AZƏRBAYCANDA QASIRĞA ciddi fəsadlar törədib

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi bir sıra fəsadlar törədib. Güclü külək bəzi yerlərdə ciddi problem yaradıb. Dekabrın 3-də axşam saatlarında əsən güclü külək Bərdə rayonuna bir sıra ev və obyektlərə ziyan vurub. APA TV-nin xəbərinə görə, elektrik və telekomunikasiya xətləri sıradan çıxıb. Külək irigövdəli ağacları kökündən çıxarıb və evlərin dam örtüklərini atıb.

 

Güclü külək Göyçayda da dağıntıya səbəb olub, elektrik və rabitə xidmətinin fəaliyyətini iflic vəziyyətinə salıb. 13 saatdan çox əsən güclü külək nəticəsində Göyçay şəhərində və bütün kəndlərdə 40-a yaxın yaşayış məntəqəsində elektrik enerjisinin verilişi tamamilə dayanıb, internet kəsilib. Güclü külək ağacları, elektrik, rabitə və gecə işıqlandırma dirəklərini aşırıb, naqillər qırılaraq sıradan çıxıb. Şəhərdə və kəndlərdə 60-dan çox ağac aşıb, yollar bağlanıb, elektrik və rabitə xətləri qırılıb. Külək rayon ərazisində 50-ə yaxın evin və yardımçı tikililərin dam örtüyünü qoparıb. Qasırğa şəklini alan külək dekabrın 4-ü səhər saatlarınadək davam edib.

 

Hazırda rayonda elektrik və rabitə xətlərinin bərpası üçün tədbirlər görülür, evlərin üstünə və küçələrə yıxılan ağaclar kəsilərək ərazidən götürülür. Rayon fövqəladə hallar komissiyasının nümayəndələri küləyin təsiri nəticəsində ziyan çəkən vətəndaşların müraciətlərini qəbul edir, evlərə, obyektlərə baxış keçirilir, dəyən ziyanın məbləği hesablanır.   

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov