Azərbaycanda DƏRMAN ZƏHƏRLƏNMƏLƏRİ ARTIB

Azərbaycanda hər ay 12 nəfərdən çox insan kimyəvi zəhərlənməyə məruz qalır. Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun APA TV-yə verdiyi məlumata görə, kimyəvi zəhərlənmələrin sayı ötən illə müqayisədə çoxdur. Şöbə müdiri bildirib ki, bu tip olaylarda ilk yerdə dərmandan zəhərlənmələr durur. Bunların 80 faizi əsasən, allergik xarakteri daşıyır. Zəhərlənmələr əsasən, yuxugətirici, qıcolma əleyhinə ağrıkəsici dərmanlardan baş verir. Həkim bu dərmanlardan istifadə edərkən olduqca ehtiyatlı olmağa çağırıb. Uşaqlar arasında da ən cox zəhərlənmələr dərmanlardan baş verir. Qida zəhərlənmələrinə gəldikdə isə rəqəmlər mövsümdən aslı olaraq dəyişir. Təkcə noyabr ayında Zaqatalada göbələkdən zəhərlənən bir ailənin iki üzvü ölüb: "İndi mövsümlə bağlı o müraciətlər çoxalıb. Müraicətlərin əsas səbəbi isə batulizmlə bağlıdır".

 

Kimyəvi zəhərlənmələrdə ikinci yerdə dəm qazından və yandırıcı məhlullardan zəhərlənmə halları gəlir. Yandırıcı məhlullardan zəhərlənmələrə səbəb əsasən, sirkə turşusudur. İki nəfər bu zəhərlənmədən dünyasını dəyişib. Dəm qazına gəldikdə isə, ötən il dəm qazı ilə bağlı 300 nəfərə qədər müraciət var idisə, bu il qış aylarının yeni başlanmasına baxmayaraq, artıq müraciət edənlərin sayı 200-ü keçib. Toksikoloqun sözlərinə görə, dəm qazından zəhərlənmələrin daha çox dekabr, yanvar, fevral və mart aylarında baş verdiyini üçün rəqəmlərin artacağı istisna edilmir: "Zəhərlənmələr əsasən, qaz cihazıları ilə bağlıdır. Müraciətlərin 80 faizini qaz cihazlıarı təşkil edir. 20 faizi isə neft məhsullarından olan zəhərlənmədir".

 

Zəhərlənənlər arasında qadınlar çoxluq təşkil edir. Ümumiyyətlə, kimyəvi zəhərlənmələrdən çoxu özünəqəsd xarakterli zəhərlənmələrdir ki, bu da  daha çox məişət səviyyəsində baş verib.

Müəllif | Apa.Tv