Azərbaycan Beynəlxalq İnşaat sərgisi başladı
Bu gün Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun tikinti sektoruna həsr olunmuş irimiqyaslı tədbir - XXIII Azərbaycan Beynəlxalq İnşaat "WorldBuild Baku 2017" sərgisi işə başlayıb.
Bu il Xəzər İnşaat Həftəsində dünyanın 28 ölkəsindən 310 şirkət iştirak edir. "WorldBuild Baku 2017" sərgisində fasad örtükləri, tikinti və üzlük materialları, qapı və pəncərələr, lak-boya məhsulları, inşaat kimyası və digər tikinti materiallarının bütün çeşidləri təqdim olunur. Builki sərgidə Almaniya, BƏƏ və İran sərgidə öz milli pavilyonları ilə təmsil olunurlar.
Məsud İmami sərgiyə Təbrizdən qatıldıqlarını bildirib: "Biz polad qurğular, profillər, və armatur məhsulları istehsal edirik. Əvvəl də Bakıya gəlmişdik, amma ilk dəfədir sərgilərdə iştirak edirik. Bakıda işlərimizi böyütməyi düşünürük".
"WorldBuild Baku" sərgisi iştirakçılarının 30 faizini yeni şirkətlər təşkil edir. Sərgidə ilk dəfə iştirak edən debütantlarla yanaşı, yerli şirkətlər də “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsullarını nümayiş etdirirlər. Onlardan biri də "Gilan Sənaye Qrupu"dur. Qrupun tikinti materialları üzrə istiqamətinin rəhbəri Zaur Qasımov stendlərini təqdim edib: "Gilan Sənaye Qrupu"nun tərkibində olan və tikinti materialları istehsal edən zavodların hamısı burada cəmləşib. Həmin zavodların məhsulları da bizim stendimizdə nümayiş olunur. Burada Goranboyda fəaliyyət göstərən Gilan Knauf zavodu, Ağcakənddə fəaliyyət göstərən Gips zavodu, Hacıqabulda fəaliyyət göstərən Keramik zavodu, Bakı ətrafında fəaliyyət göstərən beton zavodları və asfalt zavodlarının məhsulları nümayiş olunur".
Bu ilin debütantı isə milli stendi ilə çıxış edən Polşadır. “WorldBuild Baku 2017” sərgisinin qeydiyyat sponsoru “Corella” markasıdır (“NB Group” şirkəti).
Bu il “WorldBuild Baku” sərgisi iştirakçılarla yerli distribütorlar arasında keçiriləcək “B2B” formatlı görüşləri ehtiva edən geniş işgüzar proqramı ilə fərqlənir. Həmçinin sərgi çərçivəsində (Azərbaycan Memarlar İttifaqı ilə birlikdə) bir sıra peşəkar tədbirlərin keçirilməsi də planlaşdırılır:
Ərdəbil Ticarət Palatasının baş katibi Hüseyn Vusuqi İrandan 36 nəfərlik heyətin sərgidə iştirak etdiyini söyləyib: "İkitərəfli əlaqələri ticarət və mühəndislik sahəsində genişləndirməyi düşünürük. Mənim həmkarlarım və əməkdaşlarım bu sərgiyə daxil olandan ikitərəfli müzakirələrə və danışıqlara başlayıblar. Azərbaycan bazarında həm məhsullarımızı satmaq, həm də ikitərəfli çalışmaları düşünürük. Azərbaycanlı sərmayə sahiblərini və iş adamlarını dəvət edirik ki, İrana gəlsinlər ikitərəfli sərmayə yatırmağa, istehsal sahələrində həmkarlıq, əməkdaşlıq edək".
Bu gün həmçinin X Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su Təchizatı, Sanitariya, Ətraf mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji “Aquatherm Baku 2017” sərgisinə start verilib. Bundan başqa, 18-21 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionda təhlükəsizlik üzrə yeganə tədbir sayılan X Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri “Securika Caspian 2017” sərgisi keçiriləcək.
Qeyd edək ki, sərginin təşkilatçıları “Iteca Caspian” və onun Böyük Britaniyadan olan tərəfdaşı “ITE Group” şirkətləridir. Sərgi oktyabrın 21-nə kimi davam edəcək.