Elmar Məmmədyarov: "Cenevrədə bəyanatın mətnini prezidentlər diktə etdilər"
"Ermənistan prezidentinin məsuliyyətsiz şəkildə bəyanatdan kənara çıxması düzgün deyil". APA TV-nin xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 16-da Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirilən görüşünü şərh edərkən deyib: "Bəyanat birgə bəyanatdır. Bəyanatın bütün mətnini prezidentlər diktə edib. Ermənistan prezidentinin məsuliyyətsiz şəkildə bəyanatdan kənara çıxması düzgün deyil".
Nazir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar substantiv olmalıdır: "Həmsədrlərin danışıqları ilin sonuna kimi necə aparmaq barədə konkret təklifləri var. Onlar təklif ediblər ki, yaxın gələcəkdə xarici işlər nazirlərinin görüşü olsun. Əsas məqsəd müzakirələri konkret aparmaqdır. Görüşün yeri və tarixi isə hələlik məlum deyil".
O, belə bir görüşün yeri və vaxtı barədə daha sonra məlumat veriləcəyini də əlavə edib.
Qeyd edək ki, bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşanın xarici işlər naziri Vitold Vaşçikovski ilə görüşüb. Görüşdən sonra jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov qeyd edib ki, Polşa prezidenti gələn il Azərbaycana rəsmi səfərə gələcək.
Vitold Vaşçikovski bildirib ki, Azərbaycan kimi təhlükəsiz ölkə polşalı turistlər üçün maraqlı ola bilər.
Tərəflər həmçinin beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı, xüsusən də Şərq Tərəfdaşlığı proqramı, NATO, ATƏT, habelə Vişeqrad qrupu çərçivəsində əməkdaşlığı təqdir ediblər.