Prezident: "Körfəz dövlətlərinin Azərbaycana investisiya qoyması üçün yaxşı imkanlar mövcuddur"

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 18-də Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Əbdüllətif bin Raşid Əl-Zəyyəninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

APA TV xəbər verir ki, Əbdüllətif bin Raşid Əl-Zəyyənin Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv dövlətlərin rəhbərlərinin salamlarını dövlət başçısına çatdırıb.

 

Azərbaycan-Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının biznes-forumunda iştirak edəcəklərini məmnunluqla qeyd edən Əbdüllətif bin Raşid Əl-Zəyyənin bu tədbirin Azərbaycanla təşkilata üzv dövlətlər arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün əhəmiyyətli olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycanla əməkdaşlığın gücləndirilməsi regionda təhlükəsizliyin, sabitliyin və iqtisadi inkişafın təmin olunması baxımından önəmlidir.

 

Təşkilata üzv dövlətlərlə Azərbaycan arasında əlaqələrin uğurla inkişaf etdiyini, bu dövlətlərlə güclü siyasi münasibətlərimizin mövcud olduğunu deyən prezident İlham Əliyev yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin genişləndirilməsi baxımından önəmini vurğulayıb.

 

Azərbaycanda turizmin inkişafı üçün böyük işlər görüldüyünü bildirən dövlət başçısı respublikamıza xarici ölkələrdən, o cümlədən körfəz dövlətlərindən gələn turistlərin sayının durmadan artdığını məmnunluqla qeyd edib.

 

İqtisadi əməkdaşlığımız üçün də yaxşı imkanların mövcud olduğunu qeyd edən dövlət başçısı ölkəmizdə investisiya qoyuluşu üçün əlverişli şəraitin olduğunu vurğulayaraq, bu baxımdan Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələrin Azərbaycana investisiya qoyması üçün yaxşı imkanların mövcud olduğunu bildirib.

 

Söhbət zamanı üzv dövlətlərlə Azərbaycan arasında hava əlaqələrinin genişləndirilməsinin məqsədəuyğun olduğu qeyd edilib.

 

Sonda prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim olunub.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov