Prezident İlham Əliyev Polşanın xarici işlər nazirini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 18-də Polşanın xarici işlər naziri Vitold Vaşçikovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

APA TV xəbər verir ki, prezident İlham Əliyev Polşaya builki səfərini məmnunluqla xatırlayaraq bu səfərin uğurla keçdiyini və yaxşı nəticələr verdiyini vurğulayıb.

 

Dövlət başçısı ölkələrimiz arasında əməkdaşlığın və əldə edilmiş uğurların siyasi, iqtisadi, qarşılıqlı ticarət, investisiya, enerji, nəqliyyat sahələrində daha da genişləndirilməsinin önəmini qeyd edib.

 

Prezident İlham Əliyev Şərq Tərəfdaşlığı Proqramına üzv dövlətlərə eyni münasibət göstərilməsinin vacibliyini vurğulayıb.

 

Polşanın xarici işlər naziri Vitold Vaşçikovski prezident İlham Əliyevin Polşaya səfərini məmnunluqla xatırlayaraq, bu səfərin əlaqələrimizin möhkəmləndirilməsi baxımından böyük önəm daşıdığını qeyd edib. Bildirib ki, ölkəsi Azərbaycanla əlaqələri genişləndirmək və inkişaf etdirmək niyyətindədir. Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığa toxunan Polşanın xarici işlər naziri Vitold Vaşçikovski Avropa İttifaqının xarici siyasətində bu istiqamətin xüsusi əhəmiyyət daşıdığını qeyd edib və Avropa İttifaqının əlaqələrin genişləndirilməsində maraqlı olduğunu deyib.

 

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb, Ermənistan tərəfinin danışıqlar prosesini uzatmağa meylli olduğu qeyd edilib. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, Cənub Qaz Dəhlizinin və nəqliyyat dəhlizlərinin yaradılmasında Azərbaycanın əhəmiyyətli rolu vurğulanıb.

Müəllif | Apa.Tv