FHN Akademiyasında Müstəqillik günü ilə bağlı tədbir keçirildi
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 18 oktyabr - Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
APA TV-nin xəbərinə görə, dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən Akademiyanın rəisi general-mayor Pənah Süleymanov toplantı iştirakçılarını Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümü münasibətilə təbrik edib.
Azərbaycanın dövlət müstəqilliyi tarixinə qısa nəzər salan Akademiya rəisi bildirib ki, respublikamızın suverenliyinin qorunub saxlanmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ulu Öndər tərəfindən əsası qoyulmuş müdrik siyasətin layiqli davamçısı, ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin böyük səyləri nəticəsində dövlətimiz daha da güclənərək beynəlxalq birliyin layiqli üzvünə, regionun qüdrətli lider dövlətinə çevrilib.
Toplantıda çıxış edən Milli Məclisin deputatı Ülvi Quliyev xalqımızın müstəqillik uğrunda apardığı şanlı mübarizə tarixindən, xalqın təkidli tələbi ilə yenidən ölkənin siyasi idarəçiliyinə qayıdan ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi istiqamətində gördüyü mühüm işlərdən danışıb. O, dövlətimizin suverenliyinin təmin olunmasında gənclərin də üzərinə böyük vəzifə düşdüyünü vurğulayaraq bildirib ki, ölkəmizdə gənc nəslin inkişafı, gənclərin problemlərinin həlli ilə bağlı prezident İlham Əliyev tərəfindən mühüm addımlar atılır.