Mülki Müdafiə Qoşunlarında Müstəqillik günü qeyd olunub
Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
APA TV-nin xəbərinə görə, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən tədbirdə Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Milli Məclisin deputatı Kəmaləddin Qafarov, Mülki Müdafiə Qoşunlarının qərargah rəisi polkovnik Etibar İsmayılov və hərbi hissənin şəxsi heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov bu əlamətdar gün münasibətilə iştirakçıları təbrik edib, xalqın təkidi ilə yenidən hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunması istiqamətində həyata keçirdiyi mühüm işlərdən bəhs edib. O, ulu öndər tərəfindən əsası qoyulmuş müdrik siyasətin layiqli davamçısı, Ali Baş Komandan, prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində müstəqilliyimizin daha da möhkəmləndiyini diqqətə çatdırıb.
Milli Məclisin deputatı Kəmaləddin Qafarov ümummilli lider Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində müstəqil Azərbaycanın müasir inkişaf yoluna qədəm qoymasından geniş söz açıb. Qeyd edib ki, ulu öndərin siyasi varisi, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə böyük tərəqqiyə nail olub, beynəlxalq münasibətlər məkanında söz sahibinə çevrilib.
Digər çıxış edən natiqlər də müstəqilliyimizin tarixi əhəmiyyətindən geniş söhbət açıblar.
Qeyd edək ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümü münasibətilə FHN-in Qarabağ, Şimal və Gəncə Regional mərkəzlərində də tədbirlər keçirilib.