Neftin qiyməti 58 dollar ətrafında möhkəmlənir
İraq neft nazirinin Kərkükdə gündəlik hasilatın 1 milyon barelə çatdırılacağı barədə bəyanatı birjalar tərəfindən ciddi qəbul olunmayıb.
APA TV-nin məlumatına görə, analitiklər hasilatın 3 dəfə artırılması üçün uzun müddət tələb olunduğunu bildirir. Bu səbəbdən neftin qiymətində gözlənilən dəyişiklik qeydə alınmayıb.
Son bir sutka ərzində “Brent” markalı neftin bir barelinin qiyməti 58 dollar ətrafında dəyişib. Hazırda bu markadan olan neft 58,14 dollardan satılır, Qərbi Texas nefti isə 52 dollardan təklif olunur.
Qiymətlərin dünənki səviyyədə qalmasında ABŞ Energetika Nazirliyinin açıqladığı həftəlik hesabatın da rolu olub. Hesabata əsasən, həftə ərzində ölkənin kommersiya neft ehtiyatlarının həcmi 5,73 milyon barel azalaraq 456,5 milyon barelə enib. Bu, Amerika Neft İnstitutunun açıqladığı proqnozlardan 1,4 milyon barel azdır. Ötən həftə ABŞ-ın neft ehtiyatlarının həcmi 2,8 milyon barel azalmışdı.
Həftə ərzində ABŞ xaricdən 7,5 milyon barel neft alıb. Bu, əvvəlki həftəyə nisbətən 134 min barel azdır. Ehtiyatların həcminin azalması neft emalı müəssisələrinin tam gücü ilə işləməyə başlaması ilə izah olunur.