Uşaqların heyvanlarla təmasda olduğu yer - BAKIDA BELƏ BİR MƏKAN VAR

Flaminqo, kenquru, meymun, poni, yenot, şinşilla, müxtəlif cins itlər, pişiklər və s. Bu məkanda 37 növ heyvan saxlanılır. Haqqında məlumat alar-almaz biz də bu məkana baş çəkdik. Buranın digərlərindən fərqi odur ki, uşaqlar heyvanlarla sıx təmasda olur.

 

Burada müxtəlif növ quşlar, tutuquşular və digər heyvanlar var: "Xüsusi nəzarətdən sonra onlar müəssisəmizə gətirilir. Həftənin bütün günləri saat 9.00-dan axşam 22.00 radələrinə kimi balaca müştərilərimizin xidmətindəyik. Heyvanlardan daha çox it, pişik və dovşanlara gün ərzində 1 saat istirahət zamanı ayrılır. Çünki balacalar daha çox onlarla ünsiyyətdə olduğundan, heyvanlar yorulur".

 

Bu balaca şinşilladır. Dərisindən çox qiymətli xəz-dəri məmulatları hazırlanır. Bura gələn hər kəs ona toxuna bilər. Hətta uşaqlar belə onunla sevə-sevə oynayır.

 

Heyvanlarla təmasda olan uşaqların necə sevindiyini sözlə izah etmək mümkün deyil: "Uşaqların heyvanlara sevgisi inanılmazdır. İnanın, itlərlə elə davranırlar, heç böyüklər elə sevgi ilə davrana bilmir. Böyük itlərdən çəkinirlər. Bunun da günahı bilavasitə valideynlərdədir. Əsas odur sevgi ilə davransınlar. Bu, balacaların özləri üçün də maraqlıdır".

 

Selcan əyləncə mərkəzində üç aydır psixoloq kimi çalışır. Deyir ki, gün ərzində müxtəlif yaş qruplarında uşaqlarla təmasda olur. Onun sözlərinə görə, qüsurlu uşaqların heyvanlarla münasibəti daha önəmlidir.

 

Mütəxəssis deyir ki, heyvanlarla ünsiyyət uşaqları yaşamağa həvəsləndirir. Heyvanlara olan sevgi uşağın dil inkişafına da təsir edir. Heyvanlar haqqında danışmaq uşaqlar üçün ən əyləncəli mövzulardan biridir. Heyvanlarla ünsiyyət uşaqların fiziki inkişafına da təsir göstərir: "Heyvan sevgisinin terapiya təsiri də var. Hətta bəzi heyvanlar psixoloji problemlərin həllində terapiya məqsədilə istifadə edilir. Bilirsiz, heyvanlarla ünsiyyət uşaqlar üçün çox vacibdir. Xüsusilə daun və autizmli balacalar üçün bu bir müalicə üsuludur. Onları bura tez-tez gətirirlər. Həm uşaqlar üçün faydalıdır, həm də onlar ünsiyyətdən zövq alırlar. Bura gələn valideynlər də uşaqlara heyvan sevgisini aşılamalıdır. Heyvanı sevmək lazımdır, onlarla uşağı qorxutmaq məsləhət deyil" 

 

Düzdür, heyvanları canlı görmək üçün zoopark və digər məkanlarda da şərait var. Amma onların çoxunda uşaqların heyvanlarla canlı ünsiyyət qurmasına imkan yaradılmır. Hətta imkan olsa belə, gigiyenik təmizliklərinə əmin olmadıqları üçün valideynlər uşaqlarının heyvanlara uzaqdan baxmaları ilə kifayətlənirlər. Lakin uşaqların heyvanlara daha yaxın olacağı, yalnız baxmaqla  kifayətlənməyəcəyi, hətta onlara toxuna biləcəyi, yedizdirmək imkanı əldə edə biləcəyi yer də var.

 

Kamran mərkəzin baytar həkimidir. Əyləncə mərkəzində saxlanılan heyvanların sağlamlıq üçün heç bir təhlükəsi olmadığını deyir: "Məqsədimiz uşaqlarla heyvanların birbaşa ünsiyyətini təşkil etməkdir. Burda uşaqlar heyvanları yedizdirir, əzizləyir. Gördüyünüz bu kenqurunun adı Keradır. Uşaqlar bunu çox sevir. Üç aydır burda qonağımızdır. Gündəlik baytar nəzarəti aparılır, tibbi nəzarətdən keçirilir. Vaxtında burdakı heyvanlar peyvənd edilir. Baytarlıq xidməti daim nəzarətdə saxlayır".

 

Mərkəzdə face-artla məşğul olan əkiz bacılar da diqqətimizi çəkdi. Aidə və Səidə 5 yaşlarından rəsmlə məşğul olublar. Hər ikisi təsviri incəsənət üzrə müəllimlik peşəsinə yiyələnsələr də, uşaqlarla işləməkdən zövq aldıqlarını deyirlər. Face-arta müraciət edənlər arasına uşaqlarla yanaşı, böyüklərin də olduğunu deyən gənclər gördükləri bu çox sevdiklərini dilə gətirir: "Həm body-art, həm də face-artla məşğuluq. Amma təhsilimiz var. Biz əkizik, uşaqların bizə yanaşması bəlkə də buna görə maraqlıdır. Əvvəl yaxınlaşırlar, çalışırlar bizi ayırsınlar, sonra şəkil çəkdirirlər. Bir də biz onlarla səbirlə işləyirik, elə rəsmlər çəkirik ki, onların marağına səbəb olsun. Razı qaldıqlarını isə onların simalarından sezirik".

 

Biz də gənclərin bacarıqlarını sınamaq qərarına gəldik.

 

Maraqlı məkanda gəzintimiz davam edir. Nəzarətçinin köməyi ilə poniyə baş çəkirik. Baxmayaraq ki, uşaqların heyvanlarla ünsiyyətə marağı böyükdür, amma bəzən nəzarətçilər onlara icazəsiz yaxınlaşmağı qadağan edirlər. Poni ilə ünsiyyətə gəlincə, elə biz də nəzarətçi ilə birlikdə onunla tanışıq oluruq. Deyirlər, aqressiv olanda ona yaxınlaşmaq olmaz.

 

Qiymətlərə gəldikdə, bir uşaq üçün giriş haqqı 5 manatdır. Valideyn uşağın yanında pulsuz keçə bilər. Qrup şəklində gələndə isə giriş qiymətində endirim olur. Müəllimlər, təşkilatçılar pulsuz giriş imkanı əldə edirlər.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı