Marneulidə azərbaycanlı bələdiyyə üzvlüyünə namizədi və daha 3 nəfəri yaraladılar

Gürcüstanda naməlum şəxslər odlu silahdan atəş açaraq hakim “Gürcü Arzusu” Partiyasının Marneuli rayon bələdiyyə üzvlüyünə Qızılhacılı kəndi üzrə majoritar namizəd Ceyhun Çovdarovu yaralayıblar, faktla bağlı cinayət işi başlanılıb.

APA TV-nın yerli bürosunun məlumatına əsasən, “Gürcü Arzusu” partiyasının kənddəki qərargahı yaxınlığında silahlı hücuma məruz qalmış C.Çovdarov və onu müşayiət edən üç nəfər namizədin dostları Anar Məmişov, Vüqar Bayramov və C.Çovdarovun qayınatası Azad Çobanov da güllə yarası alaraq yerli xəstəxanaya yerləşdirilib və təcili əməliyyat olunub. Onlardan ikisinin yüngül yara aldığı bildirilir. Birinin vəziyyəti isə ağırdır. Həmin şəxsin reanimobillə Tbilisi xəstəxanalarından birinə çatdırılacağı gözlənilir.

Hazırda Marneuli xəstəxanasının qarşısında çoxlu insan toplaşıb.

Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvili hadisə ilə bağlı Marneuliyə səfər edib. O, Qızılhacılı kəndində hadisə yerinə baş çəkib. Nazir hadisə ilə bağlı xüsusi bəyanatla çıxış edib.

Müəllif | Apa.Tv
Apa.tv