Kərkükdən neft ixracı azalır, qiymətlər bahalaşır

Son 24 saat ərzində neftin qiyməti ucuzlaşsa da, bu gün səhər keçirilən ticarət sessiyalarında qiymətlərə yenidən bahalaşmağa başlayıb.

 

APA TV-nin məlumatına görə, bahalaşmanın əsas səbəbi Kərkükdən ixrac edilən neftin həcminin kəskin azalmasıdır.

 

İraq ordusu Kərkükü tam nəzarətə götürdükdən sonra gündəlik hasilat 350 min bareldən 225 min barelə enib. Hasilatın azalması mədən sənayesində qeyri-müəyyənliyin hökm sürməsi ilə bağlıdır. Kərkük-Ceyhan xətti ilə neft daşıyan boruların sutkalıq nəqletmə gücü 600 min bareldir, daşımaların həcminin yarıdan çox azalması birjalarda “qara qızıl”a tələbatı artırıb.

 

Digər tərəfdən, “OPEK+” formatında hasilatın azaldılmasına dair müqavilənin müddətinin uzadılacağı ehtimalı güclənib. Neft analitikləri konkret mənbələrə istinadən müddətin uzadılması ilə yanaşı, kartelin hasilat payının daha da azaldılacağını təxmin edirlər.

 

Hazırda birjalarda “Brent” markalı neftin bir bareli 57,37 dollardan satılır, Qərbi Texas nefti isə 51,45 dollara təklif olunur. İki marka arasında fərq uzun müddətdən sonra növbəti dəfə 6 dollardan aşağı enib. Bu, qiymətlərin formalaşmasında ABŞ-ın rolunun getdikcə güclənməsi anlamına gəlir.

 

Bu gün “Baker Hughes” şirkəti ABŞ-da qaya nefti hasilatına cəlb olunan buruqların sayına dair növbəti hesabatı açıqlayacaq. Buruqların sayının bu həftə də azalacağı gözlənilir. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı