Armine Ohanyan: “ERMƏNİSTAN RUSİYANIN ÇƏKMƏLƏRİ ALTINDADIR”

“Sağlam məntiq söyləyir ki, əgər tale və mövcud şərtlər səni “rus çəkməsi”nin altına yıxıbsa, heç olmasa öz simanı itirməmək və çəkmənin sahibinə söyləmək lazımdır ki, sən bu çəkmənin altına könüllü və gözlənilmədən uzandığın kimi, bu təhqiramiz vəziyyətdən də gözlənilmədən çıxa bilərsən”.

 

APA TV-nin məlumatına görə, Ermənistanda nəşr olunan “Qraparak” qəzetinin baş redaktoru Armine Ohanyan Rusiya prezidentinin İrəvana səfərinə həsr etdiyi məqalədə bu fikirlərə yer verib.


O hesab edir ki, bunun üçün ən yaxşı üsul Putinin Ermənistana səfəri zamanı ona öz dişlərini qıcamaq idi: “Hansı ki, Ermənistandakı azsaylı antirusiya qüvvələri və müstəqillik dövrünün gəncləri bunu etmək istəyirdilər. Bu situasiyada hakimiyyətə yalnız bir şey etmək qalacaqdı. Onlar özlərini elə göstərməli idi ki, bütün baş verənlərə onların heç bir aidiyyəti yoxdur, cəmiyyətdə Gömrük İttifaqına və SSRİ-nin bərpasına qarşı çıxan çox böyük kütlə var və bu qüvvələr rəsmi İrəvana ciddi təzyiq edirlər. Və yalnız hakimiyyətin Rusiyaya olan sevgi və dərin vəfası bu gözlənilməz çətinlikləri dəf etməyə, Ermənistanı gələcəyi dumanlı olan Gömrük İttifaqına sürükləməyə məcbur edir. Bu ssenarini gerçəkləşdirmək üçün polis aksiyaların keçirilməsinə imkan verməli, iştirakçıları döyməməli, onları maşınlara basaraq bölmələrə aparmamalı, bütün günü ictimai asayişi pozanların ciddi cəzalandırılacağı barədə bəyanatlar yaymamalı idi. Polis bu aksiyalara müdaxilə etməməli idi. Və hakimiyyətin ağlı olsaydı, hökumətin ayrı-ayrı nümayəndələrinə Putin əleyhinə bəyanatlar səsləndirməyə və aksiyalarda iştirak etməyə icazə verərdi. Əlbəttə, bütün bunlar yalnız bir şərtlə mümkün olardı - Bizim hakimiyyət öz ləyaqətini və sağlam düşünmək qabiliyyətini tam itirmiş olmasaydı”.

 

Müəllif | Apa.Tv
Apa.tv