Elnarə Xəlilova “Maşın Şou” haqqında: “Palçığa bir dəfə girdim, mənlik deyil”

Müğənni Elnarə Xəlilova ilin son iki ayını gərgin çalışacaq.

 

APA TV-nin məlumatına görə, o, albom üzərində çalışmağa başlayacaq: “Özümü studiyaya qapadacağam. 10-12 yaxşı mahnı hazırlayacağam və albom şəklində ilin sonuna qədər təqdim edəcəyəm. Sırf yeni mahnılar olacaq. Ola bilər, son yazdırdığım 3-4 mahnını da əlavə edim”.

 

Müasir zamanda əksər müğənnilərin sinqllara üstünlük verdiyi bir vaxtda Elnarə albom buraxmaq istəyir: “Sinqlı satmaq olmur. Bir də var 10 mahnını birdən buraxırsan. Piratlar “kopya” çıxarmağı çatdırmırlar. Albom bazarda yerini tuta bilir. Normalda belə olmalıdır”.

 

Elnarə xanımla qarşılaşmışkən gündəmi zəbt edən “Maşın Şou” ilə bağlı suallarımızı da ünvanladıq. O, şouya sonuncu dəfə üç il öncə dəvət alıb: “3 il öncə mən “yox” deyəndən sonra artıq dəvət gəlmir. Palçığa bir dəfə girdim. İkinci dəfə girmək üçün gərək ağılsız olum. İstəmirəm. Bir dəfə o mühiti görmüşəm. Bunu konkret heç kimlə bağlamaq istəmirəm. 5-6 gündən sonra etmək istəmədiyin şeyləri edirsən, demək istəmədiyin sözləri deyirsən. Bu normaldır. İnsanı eyni şəraitdə saxlayanda insan dəli olur. Özünüz də görürsünüz. Bir-birini təhqir edirlər. Lazımsız, yersiz sözlər deyirlər bir-birinə. Nəyə görə? Sonra adam utanır həmin adamın üzünə baxmağa. İstəmirəm”.

 

Bəs gələcəkdə təklif olsa, Elnarə razılaşarmı?

 

“Uşaq idim, 24 yaşım var idi. Araz aşığımdan, Kür topuğumdan. İndi isə o, mənə çox pis təsir edər. Kimsə mənə çəmkirsə, kimsə mənə ağzına gələni desə, mənə pis təsir edəcək. İnsanlar bir-birinin ətini didir. O, mənlik deyil. Ona görə də getmirəm, istəmirəm” - deyə müğənni bildirib.

Müəllif | Apa.Tv
Apa.tv