"Yeganə övladımı ruhi xəstəxanaya vermək istəmirəm" - 67 YAŞLI QADININ HƏYAT DRAMI

Natalya Həsənova milliyyətcə rusdur. Bakıda doğulub, bu şəhərdə böyüyüb və azərbaycanlı ilə ailə qurub. Ailənin birgə nikahdan Teymur adlı bir övladı dünyaya gəlib.

 

APA TV-nin xəbərinə görə, 1987-ci ildə həyat yoldaşını itirən Natalya xanımın indi 67 yaşı var. Nəsimi rayonu Seyidzadə küçəsi 28, mənzil 29-da yaşayır.

 

Yarım il öncə müsahibim ev işləri görərkən eyvanda yıxılaraq ayağını sındırıb. Həyatının ən qayğılı günləri də elə bundan sonra başlayıb: "Travmatologiya İnstitutuna müraciət etdim. Vüqar Mahmudov mənə ayağımın bud-çanaq hissəsində sınıq olduğu bildirdi. Ayağım gipsə qoyuldu. Bundan sonra isə əməliyyat etməyimi məsləhət gördülər. Əməliyyat üçün maddi imkanım olmadığını bildirdim. Bundan sonra evə gətirib qoydular məni. İndi yalnız əsa ilə gəzə bilirəm. Gipsə qoyulan ayağımda 7 sm gödəlmə yaranıb. Bu da nəinki normal gəzməyimə, hətta tərpənməyimə belə problem yaradıb".

 

Natalya xanımın problemi bununla bitmir. Oğlu Teymur Həsənov ali təhsillidir, bank mütəxəssisidir, hərbi xidmətdən qayıtdıqdan sonra aldığı travma nəticəsində hazırda ikinci qrup əlildir. 39 yaşlı Teymur ruhi xəstəlikdən əziyyət çəkir: "O, ruhi xəstədir, özünü idarə edə bilmir. Bundan başqa, Teymur iki dəfə insult keçirib. Sakitdir, aqressiv deyil. İkinci dəfə insultu mən xəstə olduğum müddətdə keçirib. Oğlum üçün pulsuz preparatlar əldə edə bilmirəm. Bu xəstəliyin müalicəsi üçün onun bahalı dərmanlara ehtiyacı var. Bununla bağlı Bakı şəhər Baş Səhiyyə İdarəsinə məlumat vermişəm. Aprel ayında 20 saylı poliklinikanın həkim-nevropatoloqu  evə gəldi. Onun üçün təyin etdiyi resepti bu günə kimi əldə edə bilməmişəm".

 

Natalya xanım deyir ki, yeganə övladını ruhi xəstəxanaya təhvil vermək istəmir. Amma özünün bu vəziyyətdə olması ailəsi üçün ciddi problemlər yaradır. Yaşadığı mənzilin təmirə ehtiyacı var, su-kanalizasiya xətləri sıradan çıxıb. Təmir üçün Nəsimi rayon 65 saylı Mənzil Kommunal İstismar Sahəsinə müraciət etməsinə baxmayaraq, onun probleminə biganə yanaşıblar: "Bilirsiz, yeriyə bilmirəm. Bunun üçün mənə həftədə bir dəfə olmaqla yardımçı lazımdır. Mən də Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinə bununla bağlı müraciət etmişəm. Mənə deyilib ki, 67 yaşım var. Yalnız üç ildən sonra mənə əlillik dərəcəsi verilə bilər, məhz bundan sonra isə köməkçi təhkim olunacaq. İndi köməksiz vəziyyətdə qalmışam oğlumla".

 

Problemin araşdırılması üçün ilk olaraq 65 salı MİS-ə baş çəkib, idarəsinin rəisi Adil Əliyevlə görüşdük. Daha sonra Adil müəllimlə birlikdə Natalya xanımın mənzilinə  yollandıq.

 

İdarə rəisinin tapşırığından təxminən iki saat sonra Natalya xanımın su-kanalizasiya sistemində yaranan nasazlıq aradan qaldırıldı.

 

Bundan sonra isə Dövlət Sosial Müdafiə Fondunun Nəsimi Rayon 3 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri Əli Həsənovun da fikirlərini öyrəndik: "İndi bütün proseslər elektron qaydada həyata keçirilir. Vətəndaşın müraciəti əsasında poliklinikadan nazirliyə göndəriş verilib. Göndəriş 17.08.2017-ci il tarixində daxil olub və imtina edilib. Xəstənin son bir il ərzində müalicə almaması əsas gətirilib. Əlilik almaq üçün bizə müraciət edib. Bu məsələni poliklinika daha dəqiq bilər. Ekspertiza komissiyası müraciətdə niyə Natalya Həsənovaya  yox deyilməsinin səbəbini göstərib. Heç bir vətəndaşın müraciətinə biganə yanaşılmır. Yenidən poliklinikaya müraciət etsin və onun müraciətinə təxminən 3 gün müddətində TSEK tərəfindən baxılacaq".

 

Məsələ ilə bağlı Bakı şəhəri 20 saylı poliklinikanın həkimi Tahirə xanımla telefon əlaqəsi  saxladıq. O bildirdi ki, Natalya Həsənova ilə bağlı artıq 4 dəfə 88 saylı forma hazırlanıb və Dövlət Sosial Müdafiə Fondunun Tibbi Sosial Ekspert Komissiyasına göndərilib. Komissiyadan isə məktuba imtina cavabı gəlib. Buna baxmayaraq, gələn həftənin ilk günü yenidən xanımın çarəsiz durumu ilə bağlı sözügedən komissiyaya müraciət olunacaq.

 

Mövzunu diqqətdə saxlayacağıq.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı