Məktəb direktorlarına kurs keçiləcək

“Azərbaycanda “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”nın tətbiqi ilə bağlı müəyyən işlər görülür”.

 

APA TV-nin xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, ilkin mərhələyə artıq start verilib və Bakıdakı 320-dən çox dövlət məktəbində qida standartlarının tətbiqi ilə bağlı tam unifikasiya işlərinin həyata keçirilməsi üçün özəl operatorların bu işə cəlb edilməsinə başlanılıb. Yanvarın 1-dən isə bu proses bütün məktəbləri əhatə edəcək: "Bakı məktəbləri ölkədə yerləşən məktəblərin 8%-ni əhatə edir. Bu məktəblərdə oxuyan şagirdlərin sayı ölkə üzrə şagirdlərin sayının  27%-dən çoxdur. Ona görə də biz bu layihənin 1-ci mərhələsini Bakı şəhərini əhatə etməklə proseslərin böyük hissəsini əhatə etmiş oluruq. Ölkənin digər ərazisində bu tədris ili ərzində standartların tam həcmdə tətbiq olunması üçün işləri başa çatdırmalıyıq”.

 

Nazir qeyd edib ki, gələn ilin yanvar ayından məktəb direktorları üçün 3 aylıq hazırlıq kurslarına başlanacaq: "Bu kurslarda hazırda məktəb direktoru işləyən insanlar da iştirak edə bilər”.

 

Gələcəkdə məktəb direktorlarının işə təyinatı və seçiminin müsabiqə ilə həyata keçiriləcəyini deyən nazir bildirib ki, müəllimlərin XIV qurultayı dekabrın 14-də keçiriləcək.

Müəllif | Apa.Tv
Almaz Qasımova