Sumqayıtda iranlı tələbəni qətlə yetirən dəstənin qadın üzvü tutuldu
Sumqayıtda İran vətəndaşı Mohtati Saman Nemat oğlunun qətlə yetirilməsində təqsirli bilinən şəxslər həbs olunublar.
APA TV-nin DİN-in mətbuat xidmətinə istinadən xəbərinə görə, Mohtati Saman Nemat oğlunun meyiti yaşadığı Novxanı bağlar massivindəki evində aşkar olunub.
Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş şəhər sakinləri Yunus Camallı, Natiq Babaverdiyev, Şəki şəhər sakini Pərvin Əlməmmədov, Ağsu rayon sakini Zahid Dünyamalıyev və İmişli rayon sakini Ceyhun Talıblı tutularaq istintaqa cəlb olunublar.
Saxlanılan şəxslər cinayətlərini etiraf ediblər.
Yunus Camallı: "Ceyhun, mən Natiq otağa girəndə gördük, bir nəfər yatır. Cumduq onun üstünə. Əl-ayağını bağladıq. Evi isə tanıyırdım. Pərvin kənarda dayanmışdı".
Pərvin Əlməmmədov: "Zahid bizi maşınla düşürdü. Şərflə mən üzümü bağlamışdım. Əski ilə üzünü bağlayan Natiq, maskanı isə Yunus geyinmişdi".
Natiq Babaverdiyev: "Novxanıda evə girdik. Üçümüz də onun sinəsində oturduq. Əl-ayağını bağladıq".
Aparılan ilkin istintaq tədbirləri nəticəsində müəyyən olunub ki, dəstə üzvləri qabaqcadan əlbir olaraq, oktyabrın 11-də gecə saat 4:00 radələrində mərhumun yaşadığı ünvana gəlib, evə qanunsuz daxil olaraq S.Mohtatini qəsdən öldürüblər. Amma dəstə üzvləri evdən hər hansı qiymətli əşya əldə edə bilməyiblər.
Qeyd edək ki, həmin evə daxil olmağı bir müddət əvvəl hadisənin baş verdiyi evin qonşuluğunda usta işləyən Y.Camallı digər dəstə üzvlərinə təklif edib. Saxlanılan şəxslər qeyd edilən cinayəti törətməyə Z.Dünyamalıyevin avtomobili ilə gediblər: "Hadisə yerinə apardım, səhər mənə zəng etdilər, Novxanı qəsəbəsində görüşüb aparıb hər birini evlərində, yaşadıqları ünvanlarda düşürdüm".
Saxlanılan şəxslərin ətrafında Sumqayıt ŞPİ-də aparılan əlavə əməliyyat tədbirləri ilə onların cari ilin avqustun 14-də Kürdəmir rayon Xırdapay kəndində yaşayan Zahid Zərbəliyevə məxsus evə basqın etdikləri də məlum olub. Saxlanılan şəxslər ev sahibi və həyat yoldaşı Rənanın əl-ayağını yapışqanlı lentlə bağlayaraq, mənzildə olan pul və qızıl-zinət əşyalarını quldurluq yolu ilə ələ keçiriblər.
Natiq Babaverdiyev həmin cinayətlərini belə təsvir edib: "Elə həmin uşaqlarla getdik Kürdəmirə. Ər və arvadın əl qolunu bağladıq. Pul-qızıl götürdük. Gətirib bir gürcü vardı, satdım ona. Gətirdim onu böldüm uşaqlarla".
Qeyd edək ki, Kürdəmir rayonunda baş verən quldurluq hadisəsində P.Əlməmmədovun tanışı Rəşidə Seydiyeva da dəstə üzvləri ilə əlbir olub. O, Kürdəmir rayonunda yaşayan bibisinin evinə basqın etməyi təklif edib. Bu məqsədlə R.Seydiyeva dəstə üzvləri ilə birlikdə Kürdəmir rayonuna gedərək qohumunun evinin yerini onlara göstərib: "Getdik rayona, bibimgilin evinin iki qapısı vardı. Qabaq qapılarını tanımırdım. Həmişə arxa qapıdan girib çıxardıq. Mən bir müddət orda qalmışam. Dəqiq bilmirdim hansı qapıdır".
Pərvin Əlməmmədov Zahid Zərbəliyevin əllərini tutduğunu bildirib: "Rəşidə, Ceyhun, Yunus minib getdik Kürdəmirə. Natiq kişinin ayağını bağladı. Əllərini isə mən tutdum. 2000-ə yaxın pul çıxdı, daha sonra "şmon" elədik evi, qızıllar çıxdı".
Hazırda qeyd olunan cinayət işləri üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.