Oqtay Əsədov: "AŞPA-da sanki lotereya oynayırlar, Azərbaycanı hədəf seçirlər"

Milli Məclisin növbəti plenar iclası keçirilib. APA TV-nin məlumatına görə, iclası açıq elan edən spiker Oqtay Əsədov bildirib ki, gündəliyə 20 məsələ daxildir.

 

İclasda Avropa Şurası Parlament Assambleyasının son sessiyasında Azərbaycan əleyhinə qəbul olunmuş sənədlərə etiraz olunub.

 

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Milli Məclisin iclasında AŞPA-nın son sessiyası barədə danışarkən deyib ki, AŞPA-nın son sessiyası başqa sessiyalardan fərqli olaraq, bizim üçün o qədər də asan keçməyib. Bu, yalnız Azərbaycanla bağlı hazırlanan sənədlə bağlı olmayıb.

 

S.Seyidov bildirib ki, bütün bunlara baxmayaraq, sessiyada Azərbaycan nümayəndə heyəti ölkəni layiqincə təmsil edib: "Bir qrup türkiyəli deputatın Azərbaycana qarşı qəbul olunan qətnaməyə səs verməsinə gəldikdə, onu deyim ki, münasibətləri təhlil etməliyik. Əgər hiss etsək ki, deputatlardan başqa digər qurumlar da bizə qarşı qərəzlidir, o zaman mövqeyimizi ortaya qoymalıyıq. Heç bir dövlət bu cür qərəzli münasibətə dözə bilməz. Təzyiqlər həddindən artıq böyükdür, bu təzyiqlər Azərbaycanın apardığı uğurlu siyasətə qarşıdır. Biz bunu nəzərə almalıyıq. Bununla belə, nümayəndə heyəti AŞPA-da fəaliyyətini davam etdirəcək".

 

Çıxış edən deputat Elmira Axundova bildirib ki, Ukraynadan olan deputatların Azərbaycan əleyhinə səs verməsi rəsmi Kiyev tərəfindən də narazılıqla qarşılanıb.

 

Məsələyə Spiker Oytay Əsədov münasibət bildirib: “Avropa Şurası Parlament Assambleyasının sessiyasında Azərbaycan əleyhinə qətnaməyə Ukraynanın hakim partiyasından olan deputatlar səs verməsə də, bitərəf qalıblar. Bu da, məncə, doğru addım deyil. Avropa Məhkəməsinin 10 mindən yuxarı qərarı icra olunmur. Amma Azərbaycan bütün bu qərarları yerinə yetirir, cərimələri ödəyir. Sanki lotereya oynayırlar, o qədər ölkədən Azərbaycanı hədəf seçirlər. Azərbaycana qarşı məlum maddənin tətbiq edilməsi qərəzli olar. Bu baş verərsə, bizim Avropa Şurasında qalıb-qalmayacağımız müzakirə olunacaq".

 

Deputat Tahir Kərimli isə AŞPA üzvlərini əxlaqsız adlandırıb.

 

Deputat Fazil Mustafa bildirib ki, Avropa Şurası Azərbaycana qarşı qərəzlidir: “Amma Azərbaycan heç bir platformada meydanı ermənilərə buraxmamalıdır. Əgər bizi çıxarsalar, o halda öz kursumuzu bəyan etməliyik”.

 

Deputat Zahid Oruc da qeyd edib ki, ölkə prezidenti Brüssel sammitində iştirak qərarını verməklə artıq Avropaya münasibətini ifadə edib: “Biz Avropa Şurasından çıxmaqla bağlı qərar versək, ermənilər bu fürsətdən istifadə edəcəklər. Dağlıq Qarabağın “müstəqilliyini” tanıtmaqdan tutmuş, digər məsələlərədək”.

  

Spiker Oqtay Əsədov isə “heç kim bu qurumdan çıxmağa hazırlaşmır. Biz bu qurumun münasibətindən danışırıq” deyə fikrini bildirib.

 

Səməd Seyidov sonda təklif edib ki, buradakı müzakirələrin nəticəsini ümumiləşdirib AŞPA-ya göndərmək lazımdır. Təklif qəbul olunub.

 

Müzakirələrdən sonra Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Ermənistan prezidenti Serj Sarkisyanı Naxçıvanda keçirilən hərbi təlimlərdən nəticə çıxarmağa çağırıb. O qeyd edib ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu Azərbaycan Silahlı Qüvvələrinin kiçik bir hissəsidir: “Odur ki, Sarkisyan və ermənilər o paradı izləyib, ağlını başına almalıdır. Bu ona xəbərdarlıqdır. Artıq 90-cı illər deyil. O zaman Azərbaycan daxilində kifayət qədər problemlər olduğundan, torpaqlarımız işğal olundu. İndi tamamilə başqa Azərbaycan var. Ermənilər unutmasın ki, təkcə Naxçıvandakı hərbi potensial işə düşsə, Ermənistanın daşı daş üstdə qalmayacaq".

 

Milli Məclisin iclasında 2016-cı ilin 26 sentyabrında ümumxalq səsverməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi müzakirə olunub.

 

Bundan başqa, 3 məsələ gündəlikdən çıxarılıb. Spiker Oqtay Əsədov buna qanun layihələrinin hazırlanmasındakı çatışmazlıqları səbəb göstərib.

 

Qeyd edək ki, Ali Məhkəmənin sədri oktyabrın 6-da Mülki Prosessual və İnzibati Xətalar məcəllələrinə, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklər barədə qanun layihələri parlamentə təqdim edib. Dəyişikliklərdə mülki və inzibati məhkəmə proseslərində nümayəndələrin iştirakına qadağa qoyulması, bu prosesdə yalnız Vəkillər Kollegiyası üzvlərinin iştirakı təklif olunur.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı