Tərtərdə məcburi köçkünlər üçün yeni qəsəbə tikilir

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Tərtər şəhərində məcburi köçkünlər üçün yeni tikilən qəsəbədə aparılan tikinti işləri ilə tanış olmaq üçün bölgəyə səfər edib.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Komitə sədri Ağdam, Tərtər, Laçın və Kəlbəcər rayonlarının icra hakimiyyəti başçılarının iştirakı ilə tikinti-quruculuq işləri ilə yaxından tanış olub.

 

Əli Həsənov yeni tikilən qəsəbədə işlərin vaxtında başa çatdırılması üçün iş icraçılarına tapşırıq və göstərişlər verib. Daha sonra iş icraçıları və qəsəbəyə məcburi köçkün sakinləri köçürüləcək rayonların rəhbər işçilərinin iştirakı ilə müşavirə keçirib. Baş nazirin müavini bildirib ki, məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması məqsədilə prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, ölkənin müxtəlif yerlərində həyata keçirilən tədbirlər ən yüksək səviyyədə yerinə yetirilir. O, Tərtərdə 50 hektarlıq sahədə salınan yeni şəhərcikdə aparılan işlərdən razı qaldığını ifadə edib.

 

Qeyd edək ki, burada 34 yaşayış binasında 1176 mənzil tikilib ki, bunlardan da 120-si birotaqlı, 504-ü ikiotaqlı, 472-si üçotaqlı, 80-i isə dördotaqlıdır.

 

Ərazidə 1200 şagird yerlik bir məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, ATS binası, klub-icma mərkəzi, həkim məntəqəsi və inzibati bina da inşa olunub, hazırda tamamlama işləri aparılır.

 

 

Müəllif | Apa.Tv