Prezident İlham Əliyev: "Məscidləri dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz"
Oktyabrın 20-də İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX zirvə görüşü keçirilib.
APA TV xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində zirvə görüşündə iştirak edib.
Əvvəlcə birgə foto çəkdirilib.
Zirvə görüşü müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.
İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının - D-8-in baş katibi Seyid Ali-Mohammad Musəvi Zirvə görüşünü açıq elan edərək tədbirin əhəmiyyətindən danışıb.
D-8 təşkilatının hazırkı sədri, Pakistanın baş naziri Şahid Xaqan Abbasi qurumun müasir dövrdə fəaliyyətinin daha da genişləndirilməsində üzv ölkələrin səylərinin gücləndirilməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, Pakistan D-8 təşkilatına sədrliyi dövründə bu qurumun möhkəmlənməsinə və inkişafına çalışıb. Məhz bu dövrdə D-8 BMT-də müşahidəçi statusu əldə edərək beynəlxalq səviyyədə mövqeyini gücləndirib. Baş nazir D-8 təşkilatına sədrliyin Pakistandan Türkiyəyə keçdiyini elan edib.
Təşkilatın yeni sədri, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında üç qitədə yerləşən ölkələri əhatə edən D-8-in son 20 ildə fəaliyyətinin uğurlu olduğunu vurğulayaraq, dünyada baş verən gərginliklər fonunda zirvə görüşünün keçirilməsinin önəmini qeyd edib. Son illər müsəlmanların yaşadıqları bölgələrdə baş verən münaqişələrin, terrorizmin, təbii fəlakətlərin ciddi fəsadlarla nəticələndiyini deyən Türkiyənin dövlət başçısı təəssüflə bildirib ki, qlobal ədalətsizlik azalmaq əvəzinə, daha da artır. Dünyada İslamla terrorizmin əlaqələndirilməsi cəhdlərinin, islamofobiyanın və ksenofobiyanın artdığını, miqrant böhranının dərinləşdiyini bildirən Türkiyə prezidenti deyib ki, D-8 ölkələri dünyada çox az ölkənin sahib olduğu gənc və dinamik artan əhaliyə, zəngin təbii sərvətlərə, sürətli inkişafa malikdir. Rəcəb Tayyib Ərdoğan D-8 üzvlərinin sayının artırılmasının, qarşılıqlı ticarətin milli valyutalarla aparılmasının təşkilatın daha da güclənməsinə imkan yarada biləcəyini bildirib.
Azərbaycan prezidenti İlham Əliyev D-8 IX zirvə görüşündə çıxış edib. O, ölkəmizin İslam həmrəyliyinə xüsusi önəm verdiyini diqqətə çatdırıb: "Azərbaycan İslam həmrəyliyinə xüsusi əhəmiyyət verir və öz töhfəsini verir. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. Eyni zamanda bu il Azərbaycanda 54 müsəlman ölkəsindən gələn 3 minə yaxın idmançının iştirak etdiyi IV İslam Həmrəyliyi Oyunları keçirilib. Biz bu gün dünyada ən ciddi təhlükələrdən biri olan islamofobiyaya qarşı fəal mübarizə aparırıq. Özünü müsəlman ölkələrinin dostu kimi qələmə verməyə çalışan Ermənistan Dağlıq Qarabağ və ətraf bölgələrdə məscidləri və dini abidələri dağıdıb. Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz".
Prezident Azərbaycanın iqtisadi uğurlarından da danışıb: "Qısa müddət ərzində ölkəmiz uğurlu inkişaf yolu keçmişdir. 2004-cü ildən başlayaraq iqtisadiyyatımız 3 dəfədən çox artmış, 2 milyona yaxın iş yeri açılmışdır. Yoxsulluq 5 faizə düşmüşdür. Savadlılıq 100 faizə yaxındır. Valyuta ehtiyatlarımız ölkənin ümumi daxili məhsuluna bərabərdir. Xarici dövlət borcu ümumi daxili məhsulun 20 faizindən azdır. Tezliklə rəsmi açılışı olacaq Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında ən qısa yol olacaq".
Zirvə görüşündə D-8 Şurasının 16-cı, 17-ci və xüsusi sessiyalarının hesabatları dinlənilib, gündəlikdə duran məsələlər müzakirə olunub.
IX zirvə görüşünə yekun vuran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan D-8-in dünyada sülhün, sabitliyin və rifahın inkişafına bundan sonra da töhfə verəcəyinə əminliyini bildirib. Türkiyə prezidenti təşkilatın güclənməsi və böyüməsi üçün bir sıra islahatların aparılmasının vacibliyini diqqətə çatdırıb, qurumun inkişafında fəallığına və Zirvə görüşünün yüksək səviyyədə təşkilinə görə Katibliyə, tədbirdə iştirak edən dövlət və hökumət başçılarına və nümayəndə heyətlərinin rəhbərlərinə minnətdarlığını çatdırıb
Sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, Azərbaycan prezidenti İlham Əliyevin və digər ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə D-8 təşkilatı ilə İslam İnkişaf Bankı arasında Anlaşma Memorandumu imzalanıb.