Ərdoğan: “Türkiyə və Azərbaycan niyə BMT Təhlükəsizlik Şurasında olmasın?”
“Niyə Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü olmasın, niyə Türkiyə olmasın?” Bu sözləri APA-nın Türkiyə müxbirinin sualına cavabında Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. R. T. Ərdoğan D-8 təşkilatının İstanbulda keçirilən IX zirvə toplantısından sonra mətbuat konfransı keçirib.
Türkiyə prezidenti dünya ölkələrini qorxaqlıqda günahlandırıb:
“İkitərəfli görüşlərimizdə dünyadakı ölkələr “gözəldir, olmalıdır” deyirlər, ancaq “bu işləri birgə görək” deyəndə hamısında qorxaqlıq olduğunu görürsünüz. Nədən qorxursunuz? Mənafe münasibətləri bir çox ölkənin bu məsələdə mövqe müəyyənləşdirməsinə mane olur. Halbuki 5 ölkə dünyanı hal-hazırda sanki idarə edir. Onlar bizim haqlarımızı bizə vermə məsələsində qərarlı ola bilərmi? Xeyr. Onların işinə necə gəlirsə, o cür hərəkət edirlər. Yanılmıramsa, hal-hazırda BMT-nin üzvü olan 196 ölkə var, onların taleyi 5 ölkənin əlindədir. Hətta 5 deyil, bəzən 1 ölkənin əlindədir. O ölkə “yox” deyəndə qərar qəbul edilməz”.
Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasının formatının dəyişdirilməsini istəyib:
“Azərbaycan niyə BMT Təhlükəsizlik Şurasının üzvü olmasın? Türkiyə niyə BMT Təhlükəsizlik Şurasında olmasın? Diqqət yetirin, hal-hazırda BMT Təhlükəsizlik Şurasında əhalisi müsəlman olan bir ölkə belə yoxdur. Bu cür ədalət olarmı? Və bunun qitələr arasındakı bölgüsünü də ədalətli yapmaq lazımdır. 20 ölkə olacaqsa, 20 olsun, 30 olacaqsa, 30 ölkə olsun. O 30 ölkə növbəli şəkildə BMT Təhlükəsizlik Şurasına üzv olan ölkələrin haqlarına bərabər şəkildə malik olaraq dünyanı idarə etsinlər. Müvəqqəti üzv olmasın, hamısı daimi üzv olsun. Məsələn, 2 il olsunlar. İki il 15 üzv olsa, növbə ilə idarə edəcəklər. Birinci dönəmdə yaddaş kimi qalacaq, ikinci dönəmdə isə daha güclü çalışacaq. Proses bu şəkildə olsa, onda dünyada ədalətə nail olmaq asanlaşacaq”.
Türkiyə prezidenti hesab edir ki, bu format bütün ölkələri razı salacaq. Rəcəb Tayyib Ərdoğan bildirib ki, indi BMT Təhlükəsizlik Şurasına nəinki daimi üzvlük, müvəqqəti üzvlük üçün də lobbiçilik fəaliyyətləri həyata keçirilir: “Halbuki, müvəqqəti üzvlüyün heç bir dəyəri yoxdur. Ona görə də, mən ədalət axtarıram”.