Rəqqa: İŞİD-dən sonra - CÜMLƏLƏR DANIŞIR
Rəqqa uğrunda İŞİD terror təşkilatı ilə əsas döyüşləri Suriya Demokratik Qüvvələri aparıb. Qruplaşmanın əsas hissəsini Suriya kürdləri təşkil edir. Beynəlxalq koalisiya döyüşlərdə hava zərbələri ilə iştirak edib. Əməliyyatlar "Böyük döyüş" adı altında aparılıb.
2017-ci ilin iyun ayında Rəqqa İŞİD-in əlində olan ən böyük şəhər idi. Bu şəhər həm də Avropada törədiləcək terror aktlarının planlaşdırıldığı mərkəz olaraq qalırdı. Çünki burda Avropa ölkələrindən çoxlu terrorçu yığışmışdı.
Şəhərə əsas hücum iyunun 6-da səhər saatlarında başladı. Bir gün əvvəl isə ABŞ hərbi təyyarələri terrorçuların Rəqqadakı mövqelərini bombalamışdı. Döyüşlər bütün istiqamətlərdə gedirdi.
Suriya Demokratik Qüvvələri Rəqqani İŞİD-çilərdən tam azad etdiyini bildirir. Koalisiya qüvvələri isə rəsmi açıqlama verməyib. Suriyanın böyük şəhərlərindən olan Rəqqa artıq kürdlərin nəzarətindədir. Türkiyə şəhərin bir terrorçu qruplaşmadan digərinin əlinə keçdiyini bildirir. Rəsmi Ankaraya görə, Suriya Demokratik Qüvvələri PKK-nın Suriya qolu olan PYD döyüşçülərindən təşkil olunub.