Gələcəyin peşələri hansılardır? - MÜTƏXƏSSİS RƏYİ

Gənclərimiz daha çox onları maddi cəhətdən təmin edə biləcək ixtisaslara üstünlük verirlər.

 

APA TV-nin xəbərinə görə, sosioloq Əhməd Qəşəmoğlu deyir ki, buna səbəb bu gün maddi dəyərlərin önə çıxmasıdır.

 

Onun sözlərinə görə, peşə seçərkən daha çox əmək bazarında həmin peşəyə nə qədər tələbat olduğunu nəzərə almaq lazımdır: "Proseslər mürəkkəbləşdikcə insan şüurunun imkanı çatmır ki, idrak özü onları idarə etsin. Ona görə də informasiya texnologiyaları ilə bağlı sahə gələcəyin peşələrindən biridir və biz çalışmalıyıq ki, ölkəmizdə bununla bağlı gözəl mütəxəssislər olsun. Çünki informasiya texnologiyaları inkişaf etdikcə, bu, həm ölkənin tərəqqisinə çevrilə bilər, həm də ölkənin təhlükəsizliyi baxımından da önəmlidir. Yəni söhbət tək hərbi müdafiədən deyil, istənilən müdafiədən gedir ki, orda informasiya texnologiyaları kömək edəcək".

 

Əhməd Qəşəmoğlu deyir ki, elm inkişaf etdikcə, mənəvi dəyərlərə kömək edən ixtisaslara - hazırda dəbdə olmayan sosiologiya, fəlsəfə və şərqşünaslıq ixtisaslarına  diqqət artacaq: "Çünki Qərb bilir ki, bir vaxtlar Şərqi yaxşı öyrənmədiyinə görə, müasir elm rasional düşüncə, bir də praqmatik, yəni öz xeyrini güdən dəyərlər üzərində formalaşdığına görə yer üzü indi daha çox gərginlik içindədir. Gələcəkdə o peşə sahələri bizə daha çox kömək olacaq ki, onlar ölkəyə daha çox ahəng gətirəcək. Ona görə də bu sahədə sosiologiya elminin böyük perspektivləri var".

 

Mütəxəssis hesab edir ki, aktual peşələrdən biri də ekologiya ilə bağlı olacaq: "Texnika, elm inkişaf etdikcə, aktual olan peşələrdən biri də ekologiya ilə bağlı olacaq. Bununla yanaşı, qida ilə, aqrar sektorla bağlı elm sahələri inkişaf etməlidir. Çünki insan çoxaldıqca, nə qədər olur-olsun, orqanik bitkilərə ehtiyacımız daha çox olur".

 

Əhməd Qəşəmoğlu deyir ki, gəncləri bu sahələrə yönəltmək üçün ölkədə bilik iqtisadiyyatını inkişaf etdirmək lazımdır: "Biz çalışmalıyıq ki, potensialımızdan istifadə edərək bu sahədə önə düşək. Bu zaman tələbat yaranacaq, biz mütəxəssis hazırlamağa başlayacağıq, onda tələbə hiss edəcək ki, onu nə gözləyir və avtomatik olaraq gələcək".

Müəllif | Apa.Tv