İspaniyanın baş naziri: "Ölkənin yarısı başqa qanunlarla yaşaya bilməz"
İspaniyanın baş naziri Mariano Rahoy ölkəsində baş verənlərlə bağlı jurnalistlərə açıqlama verib. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, hökumət rəhbəri Kataloniyanın müstəqiilik qazanmasının qeyri-mümkün olduğunu bildirib.
Mariano Rahoy Madridin buna yol verməyəcəyini və konkret addımlar atılacağını vurğulayıb:
"Təxribatlara qarşı götürüləcək ölçülər iqtidar və müxalifət partiyaları ilə birgə müzakirə ediləcək. Əsas məqsəd qanunlar çərçivəsində hərəkət etməkdir. Ölkənin yarısının başqa qanunlarla yaşamaq istəyi qəbuledilməzdir. Atılacaq addımlar hər şeyin öz axarına qayıtması ilə nəticələnəcək".
İspaniyada baş verənlər Avropa İttifaqı liderlərini də narahat edir. Onlar İspaniya hökumətini dəstəklədiklərini gizlətmir.
Avropa Parlamentinin nümayəndəsi Antonio Tayani problemə toxunaraq adı çəkilən ölkədə qarışıqlıq salan qüvvələri tənqid edib. O, Kataloniyanın İspaniyanın yalnız muxtar regionu olduğunu xatırladıb. Tayani qeyd edib ki, Avro İttifaqında heç kəs Kataloniyanın müstəqilliyini tanımayacaq.
"Qurum vasitəçi olmaq fikrində də deyil, çünki bu məsələ İspaniyanın daxili işidir. Biz tərəfləri dialoqa çağırırıq".