İran-Rusiya-Avropa İttifaqı: İranla razılaşma qüvvədə qalmalıdır
İranın xarici işlər nazirinin müavini Abbas Əraqçı nüvə silahının yayılmaması üzrə Moskva konfransında Ağ Evi İranın sanksiyaların götürülməsindən faydalanmasına yönələcək müştərək fəaliyyət planını pozmaqda ittiham edib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, o deyib ki, ABŞ-dan fərqli olaraq rəsmi Tehran üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib:
"Vaşinqton öz öhdəliklərini yerinə yetirməməklə, anlaşmaya biganə münasibət göstərir. Bu, qəbuledilməz bir faktdır. Müştərək plandan imtina edilməsi birmənalı olaraq nüvə silahının yayılmaması öhdəliyinə ABŞ-ın sadiq qalmayacağını göstərir. İran isə nüvə silahı istehsal etmək niyyətində deyil" - deyə, Əraqçı bildirib.
ABŞ-ın ünvanına daha bir ittiham Rusiyadan yönəlib. Xarici işlər nazirinin müavini Sergey Ryabkov konfransdakı çıxışında deyib ki, Vaşinqton qlobal təhlükəsizlik məsələsini daxili siyasətinin əsirinə çevirib.
S. Ryabkov Donald Trampı ümumi planın dəstəklənməsinə yönələn addımlara, habelə dünya ictimaiyyətinə hörmətsizlikdə günahlandırıb. O bildirib ki, ilk növbədə Vaşinqtonun nüvə silahının yayılmaması üzrə fəaliyyətdə iştirak edib-etməyəcəyini müəyyənləşdirmək lazımdır. Diplomat həmçinin Moskvada Tehranın bu plana sadiq qalacağına şübhə olmadığını da vurğulayıb.
Avropa İttifaqının Xarici Əlaqələr Xidmətinin rəhbəri Helqa Şmidt də nüvə razılaşmasına riayət olunduğunu, bu səbəbdən sənədin hər hansı korrektəyə ehtiyacı olmadığını bildirib.
Qeyd edək ki, İranla "altılıq" ölkələri arasındakı nüvə sazişi 2015-ci ilin iyulunda imzalanıb.