"Söhbət etmək başqa, fikir yayındırmaq başqa" - DYP-NİN QƏRARI MÜZAKİRƏ EDİLİR
Artıq iki gündür sosial şəbəkələrdə sükan arxasında diqqəti yayındıracaq söhbət və hərəkətlərə görə sürücülərin 40 manat cərimələnəcəyi ilə bağlı müzakirələr davam edir.
APA TV-nin məlumatına görə, bəzi vətəndaşlar uzun yola çıxanda, sükan arxasında olan sürücünün salonda olan sərnişinlərlə danışmasına daha məqsədəuyğun sayır. Onların fikrincə, müxtəlif mövzuların yol boyu müzakirəsi sürücünü yuxulamağa qoymur.
Bu məqamda belə bir sual yaranır ki, hansı söhbətin diqqət yayındırdığı polis tərəfindən necə müəyyən olunacaq?
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov hesab edir ki, burda çətin heç bir şey yoxdur. Polis inspektoru bunu vizual baxışla asanlıqla müəyyən edə bilər. Telefonla danışmaq necə müəyyən edilirsə, diqqəti yayındıracaq söhbət demək də eyni qaydada müəyyən edilə bilər: "Ərazini tanımırsa, Mərdəkana necə gedəcəyini hansı yolla daha tez çatacağını soruşursa burda nə nöqsan var, sürücüyə cərimə yazılsın?! Hesab edirəm, hər bir məsələyə görə cərimənin yazılması düzgün deyil".
Bu sürücü isə danışdığına görə yox, maqistral yolda qəza işıqlarını yandırıb arxaya verdiyi üçün yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb. Yol polisinə əsəbi şəkildə nəyisə izah etməyə çalışan sürücünun də haqqında söhbət açdığımız mövzuya münasibətini öyrəndik: "Məncə gözəl qərardır. Kimsə danışırsa, sürücünün fikri yayınar, qəza olar. Sürücüyəm öz yoluma baxıb işimi davam etdirməliyəm".
Çəkiliş apardığımız zaman məsələyə yumorla cavab verən sürücülərə də rast gəldik: "Xəbərim var oxumuşam, yəqin Elzanın şerlərindən sonra baş verib bunlar. Deyir ağzınızı tikin danışmayın".
Bəzi yol polisi əməkdaşları müzakirələrə səbəb olan bu məsələ ilə bağlı kamera qarşısında danışmaq istəmədiklərini desələr də, şifahi olaraq bildirdilər ki, avtomobildə diqqəti yayındıracaq söhbətə görə qanunvericilikdə cərimə nəzərdə tutulsa da, bunu praktikada tətbiq etmək demək olar ki, mümkün deyil. Amma sərnişin avtomobildə yan tərəfdə olan şüşələri açıb bədəninin müxtəlif hissəsini çıxarıb ətrafdakılara nəsə nümayiş etdirirsə və ya lyukdan başını çıxarıb hansısa emosional hisslərini cəmiyyətə göstərirsə, bu halda biz onsuz da avtomobili saxlayırıq.
Baş Dövlət Yol Polisi idarəsinin mətbuat xidmətinin rəisi Kamran Əliyev isə bildirib ki, sükan arxasında söhbət edən sürücülərin cərimələnməsi ilə bağlı DİN və BDYPİ rəhbərliyindən xüsusi bir göstəriş gəlməyib.
Sözügedən məsələ "Yol hərəkəti haqqında" qanununun 37-ci maddəsinin 5-ci bəndi ilə tənzimlənir. Bu qanun isə illərdir qüvvədədir.