"Qəbələ Arxeologiyası" mövzusunda Beynəlxalq Elmi Seminar keçirilib
Oktyabr 21-də SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə "Qəbələ Arxeologiyası" mövzusunda Beynəlxalq Elmi Seminar keçirilib.
APA TV-nin yerli bürosunun məlumatına görə, Qəbələ Arxeoloji Mərkəzində təşkil olunan seminar iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunub. Beynəlxalq elmi seminarın açılış mərasimində Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Chang-Gyu, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri Ruhəngiz Heydərova, AMEA-nın vitse-prezidenti, Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavini Nazim Səmədov, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova, tarix üzrə elmlər doktoru, professor, AMEA-nın həqiqi üzvü, akademik Teymur Bünyadov, Qəbələ arxeoloji ekspedisiyasının rəisi, AMEA-nın müxbir üzvü, professor İlyas Babayev, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, tarix üzrə elmlər doktoru, professor, AMEA-nın həqiqi üzvü, akademik Nailə Vəlixanlı çıxış edib.
Bildirilib ki, Koreya Respublikası və Azərbaycan Respublikası ötən 25 il ərzindəki əməkdaşlıq tarixində böyük irəliləyiş əldə edib, siyasi, iqtisadi, mədəni və digər sahələrdə münasibətləri daim inkişaf etdirib. Azərbaycan və Koreya arasında yaradılan bu dostluq münasibətlərinin genişlənməsində artıq 12 ildir ki, fəaliyyət göstərən "Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası" İctimai Birliyinin böyük rolunun olduğu qeyd edilib.
Bildirilib ki, Azərbaycan-Koreya arxeoloji ekspedisiyası SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü, maliyyə və təşkilatı dəstəyi ilə fəaliyyətə başlayıb.
Tədbirdə arxeoloji ekspedisiyalar zamanı əldə olunan nəticələr barədə illik hesabatlar və tapıntılar kitablar toplusunun və SEBA Assosiasiyasının sifarişi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilmiş "Qəbələ-Qafqaz Albaniyasının paytaxtı" filminin təqdimatı keçirilib.