ABŞ-da hasilat azalır, Kərkükdən neft nəqli minimuma enir, qiymətlər bahalaşır
ABŞ-da qaya nefti hasilatına cəlb olunan buruqların sayının 7 ədəd azalması birjalarda neftin bahalaşmasına səbəb olub.
APA TV-nin məlumatına görə, “Baker Hughes” konsaltinq şirkəti buruqların sayının son beş ayda minimuma endiyini açıqlayıb. Hazırda ABŞ-da qaya nefti hasilatında 736 buruq iştirak edir.
İraqdan Ceyhan limanı vasitəsilə daşınan neftin həcminin ənənəvi 600 min bareldən 216 min barelə enməsi də qiymətləri bahalaşdırır. İraqın şimalından Türkiyəyə neft nəqli həyata keçirən boru kəmərlər sisteminin “Rosneft” tərəfindən satın alınması sərmayədarlar tərəfindən daşımalarda ləngimə olmayacağı gümanı yaradır. “Rosneft” bu sövdələşməyə görə Bərzani rejiminə 1,6 milyard dollar pul ödəyib.
Hazırda birjalarda “Brent” markalı neftin bir bareli 57,80 dollardan satılır, Qərbi Texas nefti isə 52,02 dollara təklif olunur. İki marka arasında fərq 6 dollardan aşağı enib, bu qiymətlərin formalaşmasında ABŞ-dan qaynaqlanan amillərin həlledici rol oynamağa başladığını göstərir.