Azərbaycanda etap olunan məhbuslar qaçdı - BİRİ KRİMİNAL AVTORİTETDİR

Bakıdan Şirvana etap olunan məhkumlardan ikisi qaçıb.

 

APA-nın əldə etdiyi xəbərə görə, məhkumlar Bakıdan qatarla Şirvana aparılırmış. Onlar qatar Biləcəri stansiyasında dayananda qaçmağa nail olublar.

 

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Biləcəri stansiyasında qatardan qaçan məhbuslar - 1980-ci il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov və 1983-cü il təvəllüdlü Əli Rasim oğlu Ağamidir.

 

E.Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı), Ə.Ağami isə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunaraq həbs olunublar.

 

Qeyd edək ki, Ə.Ağami 2015-ci il noyabrın 5-də Şirvan şəhərindəki kafedə iki nəfərin ölümü ilə nəticələnən silahlı insidentlə əlaqədar həbs edilib. Həmin gün gecə saat 23.00 radələrində Heydər Əliyev prospekti ilə Taleh Ələkbərov küçəsinin kəsişməsində yerləşən kafedə kriminal aləmin üzvlərinin mübahisəsi zəminində 1983-cü il təvəllüdlü Nəciyev Elvin Zamanəli oğlu və 1990-cı il təvəllüdlü Sarıbalayev Zaur Vəfadar oğlu tapançadan ürək nahiyəsindən açılan atəşlə qətlə yetirilib. Belə ki, kafenin otağında Elvin Nəciyev "Makarov" tipli tapançadan Zaur Sarıbalayevə atəş açıb. O, aldığı güllə yarasından hadisə yerində ölüb. Şirvan sakini Əli Ağami isə “Makarov” tipli tapançadan açılan atəşlə Elvin Nəciyevi yaralayıb. Sonuncu Şirvan şəhər xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Elvin Nəciyevi qətlə yetirən Əli Rasim oğlu Ağami Samur sərhəd-keçid məntəqəsini yeni pasportla keçərkən saxlanılıb. Belə ki, həmin pasportda onun ad və soyadı Ağami (anasının qızlıq soyadı) Əli Rasim oğlu, əvvəlki ad və soyadı isə Abdulla Hüseynov olub.

 

Müəllif | Apa.Tv