Ukraynada müxalifət özünümüdafiə dəstələri yaradır

Ukraynada gərginlik səngimir. Ukrayna Ali Radasının müxalifətçi deputatları parlamentin növbəti iclasının başlanmasına imkan verməyiblər. “Batkivşina” və UDAR fraksiyalarından olan deputatlar parlamentin kürsüsünü mühasirəyə alıblar və Rəyasət Heyətinin, eləcə də hökumət üzvlərinin oturduğu yerləri tutublar. Parlamentin sədri Vladimir Rıbak iclası açıb və dərhal bağlayıb.

 

APA TV-nin xəbərinə görə, “Batkivşina”nın lideri Arseni Yasenyuk bildirib ki, Nazirlər Kabineti istefaya göndərilənə qədər parlament işə başlaya bilməyəcək.

 

Etirazlar səhər tezdən yenidən başlayıb. Kiyevin Müstəqillik Meydanında keçirilən müddətsiz etiraz aksiyasının iştirakçıları Nazirlər Kabinetinin binası qarşısında piketə başlayıblar. Təxminən 200 mitinqçi Qruşevski küçəsində yerləşən hökumət binasının girişini nəzarətə götürüb. Onlar baş nazir Nikolay Azarovun istefasını tələb edirlər. Binanın digər girişini isə hüquq-mühafizə orqanlarının əməkdaşları nəzarətə götürüb. Bu gün Nazirlər Kabinetinin iclasının keçirilməsi nəzərdə tutulub. Fəallar Bankovaya küçəsində yerləşən Prezident Administrasiyasının girişlərini də nəzarətdə saxlamağa davam edir. Müstəqillik meydanında isə fəalların xalq özünümüdafiə dəstələrinə yazılması davam edir. Artıq 2 min 800 nəfər bu dəstələrə üzv yazılıb. Onlar yüz-yüz ayrılaraq “Berkut” xüsusi təyinatlılarının mümkün hücumuna qarşı hazırlıq keçir. Etirazçıların böyük hissəsi yaxınlıqdakı Kiyev meriyasının, Həmkarlar Evinin, Oktyabr Sarayının binalarında, eləcə də meydandakı çadırlarda qalmağa davam edir.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı