Respublika Seysmoloji Xidmət Mərkəzi: İnsanları təşvişə salmaq lazım deyil

“Seysmologiya sahəsi Fövqəladə Hallar Nazirliyi üçün vacibdir. Bu istiqamətdə nazirlik Azərbaycan Milli Elmlər Akademiyası ilə sıx əməkdaşlıq edir”.

 

APA TV-nin məlumatına görə, bunu fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə “Şəbəkə idarəetmə sistemləri və seysmologiya üçün analitik alətlər üzrə təlim” adlı beynəlxalq konfransda deyib.

 

Onun sözlərinə görə, 2012-2013-cü ilə baş verən böyük zəlzələ nəticəsində ölkəyə xeyli ziyan dəyib və nazirlik bunların nəticələrinin aradan qaldırılması istiqamətində ciddi işlər görüb.

 

Nazir müavini qeyd edib ki, FHN AMEA ilə birlikdə “Risklər atlası”nı hazırlayacaq.

 

AMEA prezidenti Akif Əlizadə isə qeyd edib ki, ölkəmizdə quraşdırılan müasir avadanlıqlar sayəsində yeraltı təkanların maqnitudası, episentri, habelə təsir arealını daha dəqiq müəyyən etmək mümkündür.

 

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli isə ölkəmizdə seysmodinamik proseslərin inkişaf mərhələləri barəsində təqdimatla çıxış edib. Bildirib ki, 2009-2013-cü illərdə respublikada 13 seysmik stansiya quraşdırılıb. Hazırda bu stansiyaların ümumi sayı isə 21-dir. Qurban Yetirmişli deyib ki, 2012-ci il Balakən, 2014-cü il Zaqatala, o cümlədən 2014-cü ildə Oğuzda bir sıra yeraltı təkanlar qeydə alınıb.

 

Xidmət rəhbəri xidmətin əməkdaşı Tahir Məmmədlinin seysmik aktivliklə bağlı bir müddət əvvəl səsləndirdiyi fikirlərə də toxunub: "Çox yanlış başa düşülüb. Tahir müəllim demir ki zəlzələ gözlənilir. Tahir müəllim deyib ki, Bakı 8-9 ballıq zonadır. Bu, ola bilər. Bu, 100 ildə də, 500 ildə də, 50 ildə də ola bilər. Ona görə də insanları təşvişə salmaq salmaq lazım deyil".

 

Qurban Yetirmişli deyib ki, paytaxt Bakı 8-9 ballıq seysmik ərazidə yerləşir. Azərbaycanın seysmik fon səviyyəsi 8, bəzi yerlərdə isə 9 bal qiymətləndirilir.

 

Tədbir digər çıxışlarla davam etdirilib. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov