İraq baş naziri: "ABŞ bizim daxili işlərimizə qarışmasın!"

İraqın baş naziri Heydər əl-İbadi ABŞ-ın istəyinə sərt cavab verib.

 

APA TV-nin məlumatına görə, xarici işlər naziri Reks Tillerson "İranlı və digər xarici döyüşçülər İraq torpaqlarını tərk etsin" deyə açıqlama vermişdi. Tillersonun tələbinə İbadinin ofisindən verilən yazılı açıqlamada "Haşdi Şabi" ilə bağlı fikirlər İraqın daxili işlərinə qarışmaq kimi qiymətləndirilir.

 

"Haşdi Şabi" döyüşçüləri iraqlı və millidir. İraq xalqı və ölkəsini qorumaq üçün böyük qurbanlar verib. Onlar İraq parlamentinin qərarı ilə İraq Müdafiə Nazirliyinə bağlıdır. Heç kimin İraqın daxili işinə qarışmaq haqqı yoxdur. İraqlıların nə etməsi məsələsində də bir şey söyləmək haqları yoxdur. İraqlılar İraq torpaqları üzərində döyüşdədirlər. İraqda heç bir yad qüvvə yoxdur".

 

Qeyd edək ki, "Haşdi Şabi" İŞİD-in 2014-cü ildə Mosulu ələ keçirməsindən sonra İraqın fərqli milis qüvvələrinin birləşməsindən yaranıb. Təşkilat İraqın dini lideri Ayətullah Sistaninin çağırışından sonra formalaşıb. "Haşdi Şabi"nin İraq hökuməti ilə yanaşı, İranla da əlaqələrinin olduğu barədə xəbərlər var. Qruplaşmada İran vətəndaşlarının da döyüşdüyü bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv