Bəhailər: "Bizdə namaz da, oruc da qısaldılmış formadadır"

"Bəşəriyyəti gözəllik deyil, məhz mədəniyyət xilas edəcək". APA TV-nin məlumatına görə, bu fikirləri Bəhai dininin banisi olan Bəhaullahın anadan olmasının 200 illiyi münasibətilə keçirilən tədbirdə tarix elmləri doktoru, kulturoloq, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov bildirib.

 

O deyib ki, bəhailik dini fəlsəfəsinin dərindən öyrənilməsinə böyük ehtiyac var. Daha sonra F.Məmmədov rəhbərlik etdiyi qurum adından "Bəhai" dini icmasını fəxri fərmanla təltif edib.

 

Fəlsəfə üzrə fəlsəfə doktoru Səlahəddin Əyyubov bildirib ki, dinin banisi Bəhaullahın anadan olduğu tarix hazırda dünyanın 195 ölkəsində qeyd olunur. O qeyd edib ki, ölkəmizdə də bununla bağlı tədbirin keçirilməsi dövlətin multikulturalizm siyasətinin tərkib hissəsidir. Bəhaullahın həyatı barədə danışan S.Əyyubov onun dini baxışlarına görə 40 il həbs və sürgün həyatı yaşadığını diqqətə çatdırıb. Daha sonra Bəhaullah haqqında sənədli film nümayiş etdirilib.

 

"Azərbaycan Bəhailəri" Dini Mərkəzinin katibi Ramazan Əsgərli "Bəhai" dininin əsas mahiyyəti barədə məlumat verib: "Bəhai" dininin əsas məqsədi, əsas qayəsi dünyanın, dünya xalqlarının birliyidir. Həzrəti Bəhaullah Allahın bu gün üçün elçisi, məzhəri olaraq dünyanın bugünkü problemlərinin, müşküllərinin həlli üçün təlimlər gətirib. Həzrəti Bəhaullah buyurur ki, dünyanın əmin-amanlığı və sülhü dünya xalqlarının birliyi bərqərar olmayınca, mümkün deyil".

 

O həmçinin bəhailərin ölkəmizdə təşəkkülü prosesini də şərh edib: "170 il bundan öncə Azərbaycanda - Naxçıvanda, Zəngəzur mahalında on minlərlə babilər vardı və təbii ki, sonradan hamısı bəhai oldular. 30-cu illərin repressiyası, sovet hökumətinin dövründəki müxtəlif təqiblər "Bəhai" icmasının fəaliyyətində bir az durğunluq və məhdudiyyətlər yaratdı. Bu gün Azərbaycanda bəhailər minlərlə ölçülür, lakin onların dəqiq sayını təəssüf ki, bilmirik".

 

BDU-nun dosenti, "Bəhai" dini icmasının üzvü Azər Cəfərov isə bu dini təlimin prinsipləri barədə fikirlərini bölüşüb: "Onun əsas prinsiplərindən biri bəşəriyyətin birliyidir. Bu birlik dinindən, irqindən, millətindən və sosial vəziyyətindən asılı olmayaraq, insanların birliyidir. Bəhailər dinlərarası hərəkata, onların əməkdaşlığına və vahid bir sistemdə birləşməsinə çalışır. Söhbət ondan gedir ki, bütün dinlərin ruhani əsasları birdir".

 

Dosent bu dinin digər dini təlim və cərəyanları inkar etmədiyini qeyd edib: "Bəhailikdə ibadət anlayışı bir qədər genişdir. Bizim ibadətlərimizin 90 faizi ictimai-sosial fəaliyyətlərdir. Həzrəti Əbdülbahanın belə bir sözü var ki, insanlığa məhəbbət ruhunda görülmüş istənilən iş ibadətdir. Bizdə namaz da, oruc da bir balaca qısaldılmış formadadır. Həzrəti Bəhaullahın təlimi bəhailərin üzərində cəmiyyətə, ölkəyə və bəşəriyyətin birliyinə xidməti bir ibadət səviyyəsinə qaldırır".

 

Qeyd edək ki, foyedə dünyada bəhailiyin inkişaf mərhələlərini əks etdirən fotostendlər nümayiş etdirilib. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov