Qubada neft tapıldı

Quba rayonunun Talabı kəndi ərazisindən neft çıxıb.

 

APA TV-nin şimal bürosunun məlumatına görə, ərazidəki köhnə neft quyusundan neftin çıxdığını kənd sakinləri təsadüfən aşkar ediblər. Bu prosesin bir müddətdir davam etdiyi bildirilir.

 

Quyudan neft çıxdığını kəndə qonaq gələn Pirvahid kənd sakini Asif Musayev aşkarlayıb: "Yeznəmgilə qonaq gəlmişəm. İstədim əllərimi yuyum, gördüm burda neft var. Kənddən maraqlandıq, dedilər buruq əvvəllər olub, sonra ləğv olunub".

 

Kənd sakini Fərmayıl Hacıbalayevin sözlərinə görə, burda 25-30 il bundan qabaq neft olub: "Ondan sonra boruları kəsib aparıblar. Bura böyük quyu idi. Bundan qabaq daha çox idi".

 

Quba rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi vahidliyi üzrə nümayəndəsi Xanlar Heybətov 1980-ci illərdə ərazidə neft quyusunun qazıntısına başlandığını, bir müddətdən sonra isə bu prosesin dayandığını deyib: "1969-cu ildə gəlib baxıblar. Burda neft tapdılar. 70-ci ildə quyu qazmağa başladılar. 800-8000-dək qazılıb. Deyilənlərə görə, qazma baltası sındı, iş yarımçıq qaldı. Onlar bağlayıb gedəndən sonra neft çıxırdı. Hazırda neft çıxır. Biz məlumat vermişik, xahiş edirik ki, aidiyyəti qurumlar gəlib baxsınlar".

 

İcra nümayəndəsi 80-ci illərdən sonra ərazidə hər hansı araşdırma aparılmadığını da deyib.

Müəllif | Apa.Tv
Vəli Turan