“İlin futbolçusu” seçildi
Madrid “Real”ının və Portuqaliya millisinin hücumçusu Kruştianu Ronaldu FİFA-nın versiyası üzrə dünyada ilin futbolçusu seçilib. Bu barədə Londonda keçirilən mükafatlandırma mərasimində məlumat verilib.
Ronaldu səsvermədə “Barselona”nın hücumçusu Lionel Messi və PSJ-nın forvardı Neymarı qabaqlayıb. Ronaldu mükafatın həm də ötən ilki sahibidir.
“Ən yaxşı məşqçi” nominasiyasında “Real”ın çalışdırıcısı Zinəddin Zidan qalib olub.
İlin ən yaxşı qapıçısı da seçilib. İtaliya millisinin və “Yuventus”un qapıçısı Canluici Buffon əsas rəqibləri Keylor Navas ("Real Madrid”, İspaniya) və Manuel Noyeri ("Bavariya”, Almaniya) qabaqlayıb.
FİFA “The Best” mükafatını 2016-cı ildə təsis edib. Buna qədər federasiya Fransanın “France Football” jurnalı ilə birlikdə “Qızıl top” mükafatını təqdim edirdi. Lakin 2016-cı ilin sentyabrında tərəflər arasında əməkdaşlığa son verildi.