Penitensiar Xidmətin 3 əməkdaşı tutuldu - QAÇAN MƏHBUSLARA GÖRƏ

Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxtda gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədovun naməlum şəraitdə yoxa çıxmasına görə Penitensiar Xidmətin üç əməkdaşı saxlanılıb.

 

APA TV-nin xəbərinə görə, bunlar qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavinləri Fuad Hacıyev və Tural Poladxanovdur. Onlar Nərimanov RPİ-nin müvəqqəti saxlama təcridxanasında saxlanılır.

 

Nərimanov Rayon Polis İdarəsi faktı təsdiqləyib. Hadisə vaxtı qatarda olan Penitensiar Xidmətin daha üç əməkdaşının da dünən axşam saatlarında dindirildiyi bildirilir.

 

Xatırladaq ki, E.Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı), Ə.Ağami isə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunaraq həbs ediliblər.

 

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

 

Müəllif | Apa.Tv