Tillersondan İraqa sürpriz səfər: "Bağdad kürdlərlə dialoqa getməlidir"

ABŞ Dövlət Departamentinin rəhbəri Reks Tillerson Bağada səfər edib. APA TV-nin "Reuters"ə istinadən məlumatına görə, o, İraq baş naziri Heydar əl-İbadi ilə görüşüb. Bundan başqa dövlət katibinin ölkə prezidenti Fuad Masumla da görüşü gözlənilir.

Hökumət rəhbəri ilə görüşdə Reks Tillerson İraqın şimalında baş verənlərlə bağlı narahatlıq ifadə edib. O, Kürd Muxtariyyəti rəhbərliyi ilə rəsmi Bağdadı problemi danışıqlar masası arxasında həll etməyə dəvət edib.


"Bizim həm Bağdadda, həm də Ərbildə dostlarımız var. Onların arasında münaqişənin davam etməsini istəmirik" - deyə, diplomat əlavə edib. O vurğulayıb ki, əgər tərəflər ölkə Konstitusiyasına hörmətlə yanaşsa, o zaman heç bir münaqişədən söhbət gedə bilməz və qanunlar işləyər.

Tillerson öz növbəsində ordunun İŞİD-ə qarşı uğurlu əməliyyatları - Mosulu, eləcə də Havica və Telaferi İŞİD-dən təmizləməsi münasibəti ilə İraq hökumətini  və xalqını təbrik edib.

"Bu qələbələr çox vacib idi. Amma bu son olmamalıdır. İŞİD-in kökü kəsilməlidir" - deyə, Tillerson bildirib.
 

Müəllif | Apa.Tv
Elvin Bayramlı