İŞİD tərk etdiyi şəhərin əhalisi ilə "haqq-hesab" çəkdi: KÜTLƏVİ EDAM

İŞİD Suriyada növbəti kütləvi edam törədib. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, terrorçular Homs vilayətinin əl-Kəryatin şəhərində 60 nəfəri güllələyib, 100 dinc sakini girov aparıb.

Öldürülənlərin arasında döyüşlərdə əsir götürülən hərbçilər, hətta istefada olan suriyalı general Əhməd Məhəmməd Əbdülrəhim də var. Terrorçular onunla bərabər iki qardaşını da edam edib.

Adı çəkilən şəhər Homsun cənub-şərqində, Dəməşq-Palmira magistralının üzərində yerləşir. Bu strateji mövqe uğrunda Suriya ordusu ilə İŞİD arasında şiddətli döyüşlər gedib. Əsəd qüvvələri Rusiya aviasiyasının dəstəyi ilə şəhəri ötən şənbə terrorçulardan təmizləməyə müvəffəq olub.

Hazırda məhəllələrdə minaların zərərsizləşdirilməsi işləri gedir. Minlərlə insanın humanitar yardıma ehtiyacı var.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd