İraq ordusu əməliyyatları sürətləndirir: BƏRZANİ GETSİN!
İraq ordusu Türkiyə ilə Suriya sərhədində Şimali İraq Kürd Muxtariyyətinin nəzarətində olan gömrük qapılarını ələ keçirmək üçün hərəkətə keçib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Suriya sərhədindəki Fişhabur bölgəsinə hərbi qüvvə toplayan İraq ordusunun hədəfində Mosulun şimal-qərbindən keçən neft boru xətti də var.
İraq hökumətinin təhlükəsizlik müşaviri xəbəri təsdiqləyib. Ancaq hərbi müdaxilənin planlaşdırılıb-planlaşdırılmadığı barədə məlumat verməyib. Şimali İraqdan Türkiyəyə neft daşıyan boru xəttinin bir hissəsi İraq ordusunun hərbi qüvvə cəmləşdirdiyi bu bölgədən keçir.
Kürd Muxtariyyətinin Təhlükəsizlik Şurası İraq ordusunun son 48 saatda "kürd bölgəsi"nin sərhədlərinə ABŞ istehsalı çoxlu sayda tank, zirehli texnika və "HUMMER" yığdığını açıqlayıb.
Peşmərgə qüvvələri İraq ordusunun Suriya sərhədindəki Fişhabur gömrük məntəqəsinə irəliləyişini dayandırmaq üçün Mosulun Sincar qəsəbəsi ilə Duhok qəsəbəsini biri-birinə birləşdirən əsas avtomobil yolunu bağlayıb.
İraq ordusunun irəliləməsi muxtariyyət rəhbərliyini çətin vəziyyətdə qoyub. Bölgədə 1 noyabrda keçirilməsi nəzərdə tutulan prezident və parlament seçkiləri təxirə salınıb. Ana müxalifət - "Goran hərəkatı" muxtariyyət hökumətinin rəhbəri Məsud Bərzaninin istefasını istəyib.